İlqar Nadirinin səhvini düzəldən adam - "Kəpəz" təhlükəli zonadan uzaqlaşır

19:02 - 24 Fevral 2024

Adil Şükürov futbol ictimaiyyətinin yaddaşında daha çox "Zirə"yə ilk mövsümündə gümüş medalları qazandıran məşqçi kimi qalmışdı. O vaxtdan bu yana müxtəlif postlar tutsa da, Premyer Liqada məşqçi kimi çalışmaq nəsib olmamışdı ona. 

"Kəpəz"ə gəlişi gözlənilməz olduğu qədər də uğurlu alındı. Şükürovun gəlişiylə komanda fərqli oyun sərgiləməyə başladı. Onun gəldiyi ilk vaxtlardan "Kəpəz"in müdafiədən ötürmələrlə çıxmağından tutmuş bir çox oyun elementlərində məşqçi işi özünü qabarıq şəkildə göstərdi. Oyun olan yerdə nəticələr də özünü çox gözlətmədi. 23-cü turun tamamında "Kəpəz" təhlükəli zonadan uzaqlaşmağa nail oldu. Gəncə təmsilçisi son pillədə olan "Qəbələ"dən 8 xal aralanaraq bir qədər nəfəs almaq imkanı əldə etdi. 

Çempionatın sonuna hələ 13 tur qalıb. "Kəpəz"in Premyer Liqada yerini qoruyacağını əminliklə demək çətindir. Lakin ümumi götürəndə, həm komandanın oyunu, həm də nəticələr əvvəlkindən qat-qat yaxşıdır. 

"Kəpəz" adına yeganə məyusedici məqam klubun rəhbəri İlqar Nadirinin ardıcıl ikinci mövsümdür ki, eyni səhvləri təkrarlamasıdır. Ötən mövsüm baş məşqçi postunu Premyer Liqada heç bir təcrübəsi olmayan Yaşar Vahabzadəyə həvalə edən Nadiri, bu mövsüm yenə eyni xətaya yol verdi. Baş məşqçi postu Premyer Liqada baş məşqçi təcrübəsi olmayan Azər Məmmədova tapşırıldı, yenə də qış fasiləsi çatmadan istefa reallaşdı. 

Bütün bu yaşananlar futbol funksioneri İlqar Nadiri üçün təcrübədir. Səhv etmək qorxulu deyil, onların hər dəfə təkrarlanması qəbuledilməzdir. İlqar Nadirinin bu barədə düşünməsi və nəticələr çıxarması gələcək karyerası üçün də xeyirli olar. 

Həmid

Xəbər xətti