Avrokuboklara vəsiqə uğrunda mübarizədə gizli favorit - "Turan Tovuz" barədə QEYD 

22:55 - 25 Fevral 2024

Premyer Liqanın turnir cədvəlinə uyğun olaraq klubları üç kateqoriyaya bölmək mümkündür - növbəti çempionluğuna dövrü mətin addımlarla irəliləyən "Qarabağ", avrokuboklar uğrunda mübarizə aparan yeddilik, Premyer Liqada yerini qorumaq naminə savaşan "Kəpəz" və "Qəbələ". 

Azərbaycan futbolunun xeyli üstündə olan "Qarabağ" üçün çempionatın qalan turları formallığa çevrilib. Ən yaxın izləyicilərindən 18 xal aralanan Qurban Qurbanovun komandasının çempionluğu hətta ən skeptik azarkeşlər də belə şübhə doğurmur. Premyer Liqanı tərk etməyə namizəd də cəmi iki komandadır - ya "Kəpəz", ya da "Qəbələ". Ən mürəkkəb vəziyyət avrokuboklar uğrunda mübarizə aparan klublar arasında yaranıb. Birdən-birə 7 komanda iddiasını davam etdirir. 2-ci yerlə 8-ci yer arasında cəmi 5 xal fərq var. 

Avrokubok mübarizəsində 7 komanda üçün 2 vəsiqə mövcuddur. "Qarabağ" ölkə kubokunu qazansa, çempionat xətti ilə avrokuboklara vəsiqə qazananların sayı 3 də ola bilər. Ancaq unutmaq lazım deyil ki, ötən mövsüm ölkə kubokunun qalibi olan "Qəbələ" yenə bu titul uğrunda mübarizəni davam etdirir. Yarımfinalda "Zirə"ni keçsələr, finalda hər cür nəticənin qeydə alınması mümkündür. 

Avrokubok mübarizəsi aparan yeddilikdə "Neftçi", "Sabah" və "Zirə" kimi klublar daha şanslı sayılsa da, "Sumqayıt", "Səbail", "Araz-Naxçıvan" da iddiasını gizlətmir. Yeddiliyin yeganə susqun nümayəndəsi isə "Turan Tovuz"dur. Nə Tovuz klubunun rəhbərliyi avrokuboklara düşmək barədə danışır, nə də rəqiblər "Turan Tovuz"a iddialı kimi yanaşır.

Qış fasiləsindən sonra bir dəfə məğlub olan "Turan Tovuz" çox yaxşı təsir bağışlayır. "Kəpəz"ə uduzduqları oyunda da görüşün əvvəllərində meydanda azlıqda qalmasaydılar, daha yaxşı nəticə əldə edə bilərdilər. Bir dəfə "Zirə"ni Avropa Liqasına çıxarıb, həmin turnirdə mərhələ adlayan Ayxan Abbasov, iki dəfə də "Sumqayıt"a avrokuboklara vəsiqə qazandırıb. Yəni, Tovuz klubunun baş məşqçisi bu baxımdan yaxşı təcrübəyə malikdir. "Turan Tovuz"un əsas üstünlüklərindən biri də geniş heyətə malik olmalarıdır. Demək olar ki, hər xətdə bir-birini layiqli əvəzləyəcək xeyli futbolçu var. Uzun marafonda bu amil çox vacibdir. Çünki heyəti kasad olan komandalar finişə doğru ciddi çətinliklərlə üzləşirlər. 

Təbii ki, bu mübarizədə xüsusən büdcəsi və futbolçularının səviyyəsi "Turan Tovuz"dan xeyli üstün olan "Neffçi" və "Sabah" kimi klublarla ayaqlaşmaq asan olmayacaq. Lakin Ayxan Abbasovun komandasını da siyahıdan silmək çox tezdir. 

Həmid

Xəbər xətti