Dünən Antalyada Qazaxıstan Superkuboku uğrunda oyun keçirilib. "Ordabası" ilə "Tobol" arasında baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan "Tobol" Superkubokun sahibi olub.
Bu görüşü izləyənlər arasında "Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanov da yer alıb. Futbol funksionerinin həmin oyunda hansı məqsədlə iştirak etməsini öyrənmək üçün onunla əlaqə saxladıq. Sportal.az saytına açıqlama verən Sultanov Antalyaya "Tobol"un sahibinin dəvəti ilə gəldiyini dedi:
"Alimcan Kaldiyarovla yaxşı münasibətlərimiz var. Vaxtaşırı danışırıq, futbol barədə müzakirələr aparırıq. Təxminən yarım ildir ki, "Tobol"a yiyələnib və bu klubu inkişaf etdirmək istəyir.
Antalyaya da məni Alimcan Kaldiyarov dəvət edib ki, Superkubok matçına baxım, həm də görüşüb ətraflı danışa bilək. O, çox ağıllı adamdır, çalışır ki, faydalı fikirlər alsın, dəqiq qərarlar versin. Mən də öz təcrübəmə uyğun onunla öz baxışlarımı paylaşıram.
Bu dəfə də xeyli müzakirələr apardıq. "Tobol"la bağlı gördüklərim barədə fikirlərimi çatdırdım ona".