"Səbail"in yeni transferi, qış "transfer pəncərəsi" zamanı Bayıl klubuna "Venlo"dan keçmiş Süleyman Alluş Sportal.az saytına müsahibə verib.
- "Sabah"la matçda qələbə qazanmağı bacardınız. Bu oyun sizin üçün necə alındı? Hər şey istədiyiniz kimi oldu?
- Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Çünki qalib gəlmək istəyirdik. "Sabah"la matçda komanda ruhu ilə oynadıq. Qələbə qazanmaq istəyi çox idi. Elə ona görə də sonda biz onu əldə etdik. Şadam ki, inamlı oyun göstərərək üç xalı qazandıq.
- Hazırda "Səbail" turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. Bu vəziyyət sizi razı salır, yoxsa daha yüksək pillədə olmaq istəyirsiz?
- Doğrudur, yaxşı nəticələr əldə etmişik. Turnir cədvəlindəki yerimiz də pis deyil. Amma hələ mövsümün sonuna çox var. Bu mənada, indidən nəsə danışmaq doğru olmazdı. Mövsümün bitməsinə 12 oyun qalıb və biz bütün görüşlərdə uğurlu nəticə qazanmağa çalışacağıq. Təbii ki, mövsüm yaxşı yerlərdə başa vurmaq üçünü bacardığımızı edəcəyik. Yaxşı komandamız var.
- Qısa zamanda Azərbaycan Premyer Liqasında gördüklərin haqda hansı təəssürat yaranıb səndə? Rəqiblər barədə nə düşünürsən?
- Azərbaycan Premyer Liqası haqda ancaq xoş fikirlər səsləndirə bilərəm. Burada çox yaxşı futbolçular mübarizə aparır. Turnir cədvəlinə baxanda da, komandalar arasında necə rəqabət getdiyini, klubların xal sarıdan bir-birinə yaxın olduğunu görmək mümkündür. Təbii ki, “Qarabağ”ı çıxmaq şərtilə. Onlar digər komandalardan çox qabaqdadır.
- Gəldiyin gündən artıq “Səbail”in əsas heyət üzvünə çevrilə bilmisən. Əsas heyətdə özünə yer eləmək çətin olmadı?
- "Səbail"də işlədiyim hamı mənə çox kömək olur. Mən də özümü bu ailənin bir hissəsi kimi görürəm. Həqiqətən çox mehriban ailəmiz var və bu ailənin bir hissəsi olmaq xoşdur. Meydana çıxdığım anda da komanda üçün əlimdən gələni edirəm.
- Azərbaycana necə, öyrəşə bilmisən? “Venlo”dan, Niderland çempionatından Azərbaycana gəlməyə səni vadar edən nə oldu?
- “Səbail”in məni istədiyini bilirdim. Ona görə də, Anas Najahla çoxlu-çoxlu həm liqa, həm buradakı futbolçular haqda danışdıq. “Səbail” də avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. “Venlo”da isə biz pley-off mərhələsinə düşmək üçün oynayırıq ki, yüksək liqaya vəsiqə qazanaq. Çünki komanda aşağı liqada mübarizə aparır. Sonda da götür-qoy edib “Səbail”ə gəlməyə qərar verdim.
- Bəs, Azərbaycanda çıxış etmiş mərakeşli və ya niderlandlı oyunçulardan kimisə tanıyırdın?
- Dediyim kimi, mən yalnız Anas Najahla danışdım. Onunla indi bir komanda üçün mübarizə aparırıq. Anas məni inandırdı ki, “Səbail”ə keçməliyəm. Məni yola gətirdi.
Mirbağırağa