" Futbolçularımı təbrik edirəm. İki fərqli hissə oldu. Çox yaxşı baş məşqçiyə qarşı oynayırdıq. İlk hissə bizim üçün asan olmadı. Kaxaberə uğurlar arzulayıram. Ona qarşı oynamaq həm maraqlı, həm də gərgin olacaq".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 23-cü turdan təxirə salınmış "Qəbələ" ilə görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- "Neftçi" ilə matçda "Bayer"lə oyunun heyətini meydanda görə bilərik?
- Ola bilər. Çox ehtiyat edirik. Futbolçularda yorğunluq var. Çox güc sərf ediblər. "Neftçi" və "Bayer"lə oyuna kimi hamı bərpa olacaq.
- Juninyonun durmu ciddidir?
- Tam ciddi deyə bilmərəm. Amma böyük ehtimalla problem olacaq. Sabah dəqiq bilinəcək.
- Kaxaber Sxadadzeni illər sonra görmək sizdə hansı təəssüratları yaratdı?
- Onu görmək maraqlı və çox xoş oldu. Onun komandalarına qarşı hazırlaşmaq üçün həmişə çox vaxt sərf etmişəm. İlk hissədə göründü ki, o qədər də asan olmayacaq.
- Nəriman Axundzadənin daha da inkişaf etməsi üçün onu Avropaya göndərmək olar?
- Mənim təcrübəm onu deyir ki, gənc futbolçuların "Qarabağ"da oynaması onların inkişafını tezləşdirir. Başqa mentalitetdə olan futbolçulardır. Bu gün Avropaya getməkləri tezdir. Getsələr, onların inkişafı dayana bilər. 2-3 il burada böyük oyunlarda iştirak edib Avropaya getsələr, daha yaxşı olar.
- Mahir Emreli təcrübəsini nəzərdə tutursuz?
- Tək Mahir yox. Musa da, Ramil də gedib. Çox futbolçu "Qarabağ"da daha çox inkişaf edir, nəinki Avropa klublarında. Legioner həyatı yaşamaq hər futbolçu üçün asan deyil. Onların tələblərinə, yaşam tərzinə uyğunlaşmaq çətindir.
- Bəhlul Mustafazadənin yayda Avropaya gedəcəyi deyilir. Siz bu haqda nə deyə bilərsiniz?
- Yazılar yazılır, mənim məlumatım yoxdur. Dəfələrlə demişəm ki, insan öz işini düzgün dəyərləndirməlidir. Gedəndən sonra 1-2 ay partlayış olur, sonra zəifləyirlər. Onların daim oynaması lazımdır. Futbolçular olub ki, "Qarabağ"da çıxış edəndə milli komandanın əsas üzvü idilər, gedəndən sonra 10-15 dəqiqə oynayırlar. Tək oyunçu yox, onun yaxınları da düzgün qərar qəbul etməlidir. Biz özümüz də belə hallara məsuliyyətlə yanaşmalıyıq. Çünki, onlar Azərbaycan futbolunun simalarıdırlar.
- Sizcə, Premyer Liqadan düşmək ləğv olunmalıdır, yoxsa idman prinsipləri qorunmalıdır?
- Komanda sayını artırmayacaqlarsa, qaydalara riayət etmək lazımdır. Əvvəllər mən İcraiyyə Komitəsinin üzvü olanda da bu məsələ müzakirə olunmuşdu. Mən o fikirdə qaldım ki, idman prinsipləri qorunmalıdır. Birdəfəlik sistem qurmaq lazımdır. Hamı bilməlidir ki, nə üçün mübarizə aparır. Aşağı liqanı da yaxşılaşdırmaq lazımdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi