Azərbaycan millisi tənqidlə qarşılanan "turnir"də - FİFA Seriyası bizə lazımdırmı?

13:21 - 29 Fevral 2024

Bu ilin martında FİFA ilk dəfə olaraq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində oyunlar keçiləcək.

Yarışlar 4 ölkədə təşkil olunacaq. Bunlar Əlcəzair, Səudiyyə Ərəbistanı, Şri-Lanka və Azərbaycandır. FİFA Seriyasında ümumən 20 komanda iştirak edəcək. Yarış iştirakçıları müxtəlif qitələrin ölkələrini təmsil edirlər ki, bu yarıektozik siyahı ilə yazının sonunda tanış ola bilərsiniz. Amma bəri başdan onu qeyd edək ki, "turnirdə" Avropadan cəmi 3 komanda olacaq. Biri Bolqarıstan, biri Andorra, o biri də bəli, biz. 

İndi turnir sözünü niyə dirnaqda yazmağımıza toxunaq. Çünki bu matçları turnir deyil, test xarakterli yarış adlandırsaq daha doğru olar. Məsələn, FİFA-nın təsdiq etdiyi təqvimə əsasən, Bakıda 4 komandanın (Azərbaycan, Bolqarıstan, Tanzaniya və Monqolustan) iştirakı ilə keçiriləcək yarışda hər komanda 3 deyil, 2 oyun keçirəcək. Azərbaycan millisi Monqolustan və Bolqarıstanla qarşılaşacaq. Bakıdakı oyunların 22 mart - 25 mart aralığında keçirilməsi nəzərdə tutulur. 

Seriyanın qalibi isə olmayacaq. 

Qeyd etmək yerinə düşər ki, FİFA Seriyası heç də bütün ölkələrdən və futbol mütəxəssislərindən dəstək qazanmayıb. Qurumun 210 üzvü var və onlardan yalnız 20-si bu yarışda iştirak edəcək. Maraqlıdır ki, hətta "turnir"ə ev sahibliyi edəcək ölkələrdən Səudiyyə Ərəbistanı özü belə iştirakçılar arasında yoxdur.  Bizdən fərqli olaraq, ərəblər belə eksperimentin iştiakçısı olmaq istəməyiblər.

FİFA Seriyasına sönük münasibəti başa düşmək çətin deyil. Əvvəla Seriyanın məqsədi qeyri-müəyyəndir. Qalibə nə çatacaq, o, bu turnirdən nə qazanacaq? Hələ bunlar bir kənara, daha da önəmlisi bu oyunlar daxili çempionatlar (Avropada) finiş xəttinə yaxınlaşdığı günlərə təsadüf edir.

Bu mənada, avrokuboklar uğrunda mübarizə aparan "Qarabağ", "Sumqayıt", "Neftçi", "Zirə", "Sabah", "Turan Tovuz", "Araz Naxçıvan" hansı məntiqlə belə bir vacib dövrdə futbolçularını əhəmiyyətsiz yarışa göndərməlidir? Gedib zədələnsələr, FİFA-nın və FİFA-nın direktoru Elxan Məmmədovun bizim klublara verəcəyi cavab nə olacaq?

Düzdür, ehtimal var ki, həmin "turnirə" milliyə müntəzəm çağırılmayan futbolçular dəvət edilə bilər. Lakin indi məsələ heç bu da deyil. 

Odur ki...

FİFA-nın yaydığı açıqlamada bildirilib ki, bu təşəbbüs müxtəlif ölkələrin assosiasiyalarına digər qitələrin komandaları ilə daha müntəzəm oynamağa imkan verəcək və bu, onların inkişafına kömək etməlidir. 

İndi gəlin, əyri oturub, düz danışaq... Məsələn, hazırda FİFA reytinqində 190-cı pillədə olan Monqolustanla oyun Azərbaycan millisinə hansı faydanı verə bilər?  Yaxud 119-cu pillədə lövbər salan Tanzaniyanın bura gəlişi ilə 10 milyon insanımızın hamısı futbolla yaşamağa başlayacaq? 

Əlbəttə, bu sualların müsbət cavabı yoxdur. Hətta bizim birinci divizionda yarışan və heç vaxt Premyer Liqa üzü görməmiş "Qaradağ Lökbatan" belə keyfiyyət, səviyyə baxımından Monqolustandan və onun kimi komandalardan üstündür. İndi AFFA-nın rəhbərliyi Monqolustan, Tanzaniya kimi geridalmış komandaları Bakıya gətirir ki, ölkədə futbola "maraq" yaratsın, onu "inkişaf" etdirsin. 

Əslində bu oyunlar milli komandaları həqiqətən inkişafa aparırsa, o zaman sual yaranır: niyə UEFA üzvü olan 55 ölkədən cəmi 3 federasiya - bu əhəmiyyətsiz turnirdə iştiraka razılıq verib? Bizi orda oynamağa kim vadar edir? FİFA-da direktor vəzifəsi tutan Elxan Məmmədovun bu məsələdə rolu nə qədərdir? 

Suallar cavabını gözləsin, yazını isə yuxarıda qeyd etdiyimiz həmin o siyahı ilə yekunlaşdıraq. 

Beləliklə, FİFA Seriyasında kimlər iştirak edir və onların son dünya reytinqi necədir?

Əlcəzairdəki FİFA Seriyası: Əlcəzair (44), Andorra (164), Boliviya (86), Cənubi Afrika Respublika (58)

Azərbaycandakı FİFA Seriyası: Azərbaycan (113), Bolqarıstan (83), Monqolustan (190), Tanzaniya (119)

Səudiyyə Ərəbistanındakı FİFA Seriyası (A): Kabo-Verde (65), Kamboca (179), Ekvatorial Qvineya (79), Qayana (157)

Səudiyyə Ərəbistanındakı FİFA Seriyası (B): Bermud adaları (171), Bruney (194), Qvineya (76), Vanuatu (170)

Şri-Lankadakı FİFA Seriyası: Butan (184), Mərkəzi Afrika Respublikası (129), Papua — Yeni Qvineya (165), Şri-Lanka (204).

Qol.az

Xəbər xətti