"Düşünmürəm ki, "Qarabağ"ın yazdığı tarixi yaxın illərdə hansısa klubumuz təkrarlaya bilsin" - MÜSAHİBƏ

12:49 - 1 Mart 2024

"Qarabağ"ın sabiq futbolçusu, azərbaycanlı futbol veteranı Rahid Əmirquliyev Sportal.az saytına müsahibə verib.

- "Qarabağ" Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazandı. Komandanın bura qədər irəliləyəcəyini ehtimal edirdin? Çünki yayda "Rakov"a məğlubiyyətdən sonra "Qarabağ" çox tənqid edilmişdi....

"Qarabağ"ın 1/8 finala çıxması bütün xalqımızı sevindirir. Çünki bu Azərbaycan futbolu üçün tarixdir. Özü də, "Braqa" kimi rəqibi keçməklə bu tarixi yazdılar. "Qarabağ"ın qrupdan çıxacağına inanırdım. Amma "Braqa" ilə matçda nə qədər istəsək də, fikirləşirdim ki, bu səddi keçə bilməyəcəyik. Çünki Portuqaliyanın ən güclü klublarındandır. Düzü, fikirləşirdim ki, "Qarabağ" "Braqa" səddini keçə bilməyəcək. Rəqib açıq-aşkar favorit idi. Amma şükürlər olsun, "Qarabağ" sübut etdi ki, istədiyi komandaya qarşı oynaya bilər. Hətta gözəl oyunla mərhələ də keçə bilər. Doğrudur, "Rakov"a uduzanda təndiq edilirdilər. Bu da futbolun bir hissəsidir. Uduzanda təndiq edirlər, udanda hamı sevinir. Futbolda normal haldır. Əsas odur ki, "Qarabağ" bizi sevindirməyə davam edir.

- "Qarabağ"ın yazdığı tarixi yaxın illərdə Azərbaycanın digər klubu təkrarlaya bilər?

- Xeyr, düşünmürəm ki, "Qarabağ"ın yazdığı tarixi düşünmürəm ki, yaxın illərdə hansısa klubumuz təkrarlaya bilsin. Təkrarlayıb, ondan da irəli getsə, bunu elə "Qarabağ"ın özü bacarar. İndiki durumda görünən odur ki, "Qarabağ"dan başqa Azərbaycanın he ç bir klubu onu eləmək gücündə deyil. Yaxın illərdə də belə görünür. Bundan sonra da tarixi yazsa da, elə ancaq "Qarabağ" yazar. 

- "Qarabağ"ın növbəti mərhələdəki rəqibi "Bayer"dir. Püşkatmada hansı komanda düşsəydi, keçmək şansımız olardı?

"Bayer" çox güclüdür. Həm avrokuboklarda, həm də Bundesliqada bunu sübut edirlər. Artıq 33 oyundur ki, uduzmurlar. Məğlubiyyət nədir, bilmirlər. "Qarabağ"a çox çətin klub düşüb. Orada başqa komandalar da var idi. "Slaviya"(Praqa) düşsəydi, bəlkə bir az rahat olardı. Ancaq qismət belə imiş. Cütün favoriti "Bayer"dir. Açıq-aşkar favoritdir. Amma yenə də ümid var, inanırıq ki, "Qarabağ" "Bayer" səddini də keçə bilər. Çox çətin görünür. Amma "Braqa" ilə də belə fikirləşirdik. Komandamız sübut etdi ki, istədiyi komandaya qarşı oynamağı bacarır. Cütün açıq-aşkar favoriti "Bayer"dir, lakin bu, yalnız kağız üzərindədir, futbolda hər şey mümkündür. 

- Bu mövsüm "Qarabağ" "Bayer"lə iki dəfə qarşılaşıb. Səncə, "Qarabağ"ın "Bayer"i daha yaxından tanıması üçün yaxşıdır?

Düzdür, "Qarabağ" "Bayer"lə iki dəfə qarşılaşıb və rəqibini daha yaxından tanıyır. Amma eyni şeylər "Bayer" üçün də keçərlidir, onlar da"Qarabağ"ı yaxşı tanıyır. "Braqa"nı keçdikdən sonra "Qarabağ"a daha da ciddi yanaşacaqlar. Ev oyununda "Bayer"ə qarşı çox yaxşı oyun göstərmişdilər. 0:1 hesablı məğlubiyyətə baxmayaraq, "Qarabağ" yaxşı oynamışdı. Əslində, komandamız "Bayer"ə qarşı oynayıb, nəticə qazana bilər. Çox çətin olacaq, amma ümid var.

- Qurban Qurbanov bir müddət əvvəl "Bayer"in məşqində olmuş, Xabi Alonso ilə də görüşmüşdü. Bunun qarşıdakı iki matça təsirinin olacağını düşünürsən?

Qurban Qurbanovun Xabi Alonso görüşməsinin inanmıram ki, bu oyuna təsiri olsun. Nə danışıblar bilimrəm. 

- "Qarabağ" "Bayer" səddini keçərsə, komandadan Avropa Liqasında daha böyük uğurlar gözləniləcək...

"Bayer" səddini keçsələr, biz də istəyərik ki, komanda finala çıxsın, Avroliqanın qalibi olsun. Möcüzənin olmasını biz də istəyərdik. Amma "Bayer"i keçsə belə, sonra da güclü rəqiblər var. Orada Çempionlar Liqasını qazanmış, daim ÇL-də favoritlər klublar yer alıb. İndiki məqamda "Bayer"lə oyun dayanıb, sonrası da qismət. 

- Sənin oynadığın vaxtdakı "Qarabağ"la hazırkı arasında fərq yüksəkdir?

Müqayisə etmək istəməzdim. O vaxtkı "Qarabağ"ın öz gözəlliyi, indikinin də öz gözəlliyi var. "Qarabağ" onda ÇL-in qrupuna düşərək tarix yazmışdı. İndi isə komanda avrokuboklarda pley-off mərhələsini keçərək tarix yazdı. Əsas odur ki, "Qarabağ" öz stabilliyini saxlayır. "Qarabağ" tez-tez tarix yazır. Əvvəllər komandanın içindəydim. İndi kənardan baxıram və onların oyunundan ancaq həzz alıram. Həqiqətən də, Avropa stilində böyük klublar kimi oynayırlar. 

Mirbağırağa

Xəbər xətti