"Qarabağ"ın sabiq müdafiəçisi baş tutmayan transferi haqda: "Kosovoya uçdum, məni sərhəddən buraxmadılar"

13:18 - 3 Mart 2024

Azərbaycan milli komandasının, “Neftçi” və “Qarabağ”ın sabiq müdafiəçisi Elvin Yunuszadə Sportal.az saytına müsahibə verib.

O, Kosovonun “Fuşe Kosovo” klubuna keçidinin baş tutmaması haqda danışıb:

"Düzü, Azərbaycana qayıtmağı fikirləşmirdim, legioner həyatı yaşamaq haqda düşünürdüm. Amma alınmadı, artıq Bakıdayam. İstanbulda isə məcburiyyətdən qalmışdım. Çünki Kosovoya uçdum, orada məni sərhəddən buraxmadılar. Viza ilə bağlı problemlər oldu, göndərdilər İstanbula. Kosovonun səfirliyi olduğu üçün ora yollandım, bir neçə həftə gözlədim. Amma heç bir şəkildə problemi həll etməyə çalışmadılar. Əslində, "Fuşe Kosovo" məsələsi çıxanda, Araz Abdullayevlə danışmışdım. Sadəcə məsələ o idi ki, əvvəl Kosovo onlar şengen ölkəsi deyildi, indi bu cür olublar. Ora yollanmaq daha da çətinləşib. Azərbaycan Kosovonu ölkə kimi tanımır deyə, səfirlikdə problemi həll etmək üçün heç bir köməklik göstərmədilər".

Yunuszadə, bundan sonra karyerasında hansı addımlar atacağı barədə də fikirlərini söyləyib: "Əslində, başqa ölkə klubuna keçmək də bəlkə olardı. Sadəcə çox pis vaxta düşdüm. Viza məsələsinə görə çox gözlədim. Onda da çox ölkədə çempionat başladı, "transfer pəncərəsi" bağlandı. Ona görə də belə alındı. Ən azından yaya qədər futbolsuz qalmamaq, formamı saxlamağım üçün oynamalıyam. Premyer Liqa və Birinci Liqa klubu da ola bilər. Mövsümün ortasıdır, nəsə etmək çətindir. Bu günlərdə bəlli olacaq".

Mirbağırağa

Xəbər xətti