"Bombardir yerli seçiləndə ləzzət edir, legioner olanda isə adam kədərlənir"

15:34 - 3 Mart 2024

Azərbaycanlı futbol veteranı Paşa Əliyev Sportal.az saytına açıqlama verib.

2000/2001 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri adını qazanmış Əliyev hazırkı bombardirlər siyahısından, orada yer alan futbolçulardan danışıb.

Karyerası ərzində "Gənclik", "Çayka"(Sevastopol), "Xəzri", "Neftçi", "Dinamo"(Bakı), "Qarabağ", "Bakı", "Şəmkir", "Xəzər Lənkəran", "Gəncə", "Bakılı" klublarında oynamış 51 yaşlı veteran futbolçu bunları deyib: 

"Hazırkı bombardirlər siyahısında yer alan yeganə azərbaycanlı Orxan Əliyevdir, hamısı legionerlərdir. Keçən il Ramil Şeydayev, Musa Qurbanlının adı bombardirlər siyahısında idi. Onlar olanda, sevinirdim, azərbaycanlılardır da. Yaxşı nəticə idi, öz uşaqlarımızdır. Bombardir yerli seçiləndə ləzzət edir, legioner olanda isə adam kədərlənir. Mən patriotam, çox istəyirəm ki, həmişə öz uşaqlarımız yüksək yerlərdə olsun. Mən hər zaman yerlilərin tərəfdarıyam. Millidə də yerli mütəxəssisin baş məşqçi olmasını istəyərdim. Bir millət kimi bir-birimizə dəstək olmasaq, Azərbaycan futbolu olmaz. Kənardan Azərbaycan futbolunun inkişafını istəməyənlər də var. Xarici məşqçini gətirəndə, orada başqa məsələlər olur. O da bizim xeyrimizə olmayıb, olmayacaq da. Millidə yerlimiz işləməlidir. Bombardirlər siyahısında da daha çox azərbaycanlı futbolçunun olmasını istəyərdim".

Mirbağırağa

Xəbər xətti