"Turan Tovuz"un qolkiperi: "Zirə" ilə matçın ədalətli nəticəsi bizim qələbəmiz olardı"

12:17 - 4 Mart 2024

"Zirə"yə qarşı yaxşı oynadıq. Amma bu görüşdə qələbə qazanmağımıza epizodlardan istifadə etməməyimiz mane oldu. Vaxtında 2-ci və 3-cü qolu vura bilərdik. Amma alınmadı. Matçın ədalətli nəticəsi bizim qələbəmiz olardı. Çünki çoxlu sayda qol epizodları yaratmışdıq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Turan Tovuz"un qapıçısı Aydın Bayramov deyib.

Tovuz klubunun qolkiperi Premyer Liqanın 25-ci turunun "Zirə" ilə görüşünü şərh edərkən, görüşün ikinci hissəsində rəqib futbolçu ilə toqquşduqdan sonra matça davam edə bilməməsini xatırlayıb: "Bəli, epizodların birində "Zirə"nin futbolçusu ilə toqquşdum. Həmin anda başım fırlanırdı deyə, oyuna davam edə bilmədim. İndi yaxşıyam. Məşqlərə davam edə biləcəm".

"Turan Tovuz" Premyer Liqanın 26-cı turunda "Araz-Naxçıvan"ı qəbul edəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv rəqibinə iki matçda da məğlub etməyi bacarıb. Amma Bayramov bu dəfəki görüşün əvvəlkilərdən də çətin keçəcəyini düşünür: "Deməzdim ki, "Araz-Naxçıvan" bizə çətinlik yarada bilməyəcək. Çempionatımız ağırdır. Hər oyun çətin keçir. Onlara qarşı bu mövsüm keçirdiyimiz iki oyunu unutmaq lazımdır. Hər oyuna ayrı və ciddi hazırlaşmaq gərəkdir. Çətin olacağını bilirik. Evdə, azarkeşlərimiz qarşısında oynayırıq. Maksimumuzu qoymağa çalışacağıq".

Mirbağırağa
 

Xəbər xətti