"Bayer"in kapitanı Conatan Tah deyib ki, Avropa Liqasının 1/8 finalında "Qarabağ"la Bakıdakı oyun qrup mərhələsi matçları ilə müqayisədə çətin keçib. O, xüsusilə "Qarabağ"ın hücumçusu Juninyonu qeyd edib, ona qarşı oynamağın müşkül tərəflərindən danışıb.
Juninyo ötən gecə həqiqətən də möhtəşəm performans sərgilədi. Rəqib müdafiəsini daim təzyiqdə saxlayan forvard qol da vurdu, məhsuldar ötürmə də etdi. Daha bir qol da vura bilərdi ikinci hissədə. Rəqib futbolçudan topu oğurlayıb yüksək sürəti hesabına qapıçı ilə təkbətək çıxdı. Sanki hər şeyi doğru etmişdi, amma qapıçı həmin zərbəni dəf etdi.
Elə həmin epizoddan sonra ayağına tutan braziliyalı meydançanı tərk etmək məcburiyyətində qaldı. Ağrılar hiss etdi ayağında. Çünki çox yüklənmişdi. Rəqib müdafiəçilərə nəfəs aldırmamaq üçün çox qaçmalı olmuşdu.
Səfər oyunu öncəsi Juninyonun durumu naməlumdu. Sabah MRT müayinəsi edilməlidir. Hamılıqla nəfəsimizi dərib xoş xəbər gözləyirik. Çünki Juninyosuz çətin olacaq...
"Qarabağ"ın heyətində əhəmiyyətli oyunçular çoxdur. Amma hər birinin yerini pis-yaxşı bəlkə də doldurmaq olar. Juninyoya gəlincə, onun alternativi yoxdur. Səfərdə onun sürəti də, gücü də "Qarabağ" çox lazım olacaq. Onsuz da hamı bilir ki, şanslar azdır. Juninyosuz o cüzi şanslar lap azalacaq.
Həmid
saytlarin hazirlanmasi