Can, ay "Neftçi" - 10 nəfərə qarşı oyunda 10-cu məğlubiyyət 

12:52 - 21 Aprel 2024

Evdən-üzdən iraq, həyatda yəqin ki, ən acınacaqlı hadisələrdən biri ölünün ortada qalmasıdı. "Neftçi" də elə bil, ölüb, yerdən götürəni yoxdur... SOCAR boyda böyük strukturda bir adam sinəsini qabağa verib ölkənin ən köklü klubundakı hərc-mərcliyə son qoymur. 

Klubun idman direktoru Yens Andersonun mətbuat qarşısında görünməyinin heç üçü çıxmamış "Neftçi" öz oyunuyla isveçlinin cavabını verdi. Sözlərdən saray tikməklə deyil, əsl həqiqət meydanda sərgilənən futbolla ölçülür. Əgər bir komanda düz-əməlli oynamırsa, danışmaqla bəlkə də az-çox fikir yaratmaq olar, amma ciddi nəticələr qazanmaq əsla yox! 

"Neftçi" dünən yenə uduzdu. Bu mövsüm 10-cu məğlubiyyətini 10 nəfərlə oynayan rəqibdən aldı. "Zirə" görüşün 67-ci dəqiqəsində azlıqda qalandan sonra "Neftçi"nin ikincilik uğrunda mühüm oyun sayılan qarşılaşmadan qələbə ilə ayrılacağı ehtimalı yarandı. Lakin Rəşad Sadıqovun birdən-birə dördlü əvəzləməyə getməsinə göz döyən Miodraq Bojoviç axıra kimi müşahidəçi rolunda qaldı. Əcnəbi mütəxəssis gedişata müdaxilə edə bilmədi. Meydanda baş verənlərə çaşqınlıqla baxan Bojoviç mətbuat  konfransındakı çıxışı zamanı say üstünlüyü ilə məğlub olmalarının onun özü üçün də gözlənilməz hal adlandırdı. 

"Zirə"nin üçüncü qolunda qapıçı Rza Cəfərovun da kobud səhvi var idi. Lakin meydan sahibləri buna qədər artıq hesabda irəli çıxmışdılar. Rəşad Sadıqovun komandasını yaxşı bilirik, "Zirə"nin ən güclü tərəfi hesabı qorumaqdır. "Neftçi" oyunu xilas etmək istəyinə rəğmən, rəqib qapısı önündə yüz faizlik qol epizoduna girə bilmədi. Əksinə, meydan sahibləri əks-hücumda qola daha yaxın oldular.

Mutu gəldi xeyri olmadı, Bojoviç gəlib xeyrə əlamət yoxdur. "Neftçi" düzəlmək bilmir. Deməklə də olmur, deməməklə də. Amma dəqiqdir ki, sözlər artıq gücünü itirib. "Neftçi"nin işi Allaha qalıb. 

Həmid

Xəbər xətti