"Neftçi"nin baş məşqçisi minifutbolda oyunçu kimi çempion ola bilər: "Ondan sonra karyeramı yekunlaşdıracam"

17:27 - 21 Aprel 2024

Minifutbol üzrə Azərbaycan çempionatında pley-off matçlarından sonra finala yüksələn komandalar bəlli olub. Həlledici görüşdə “Birbaşa”nın rəqibi 1/4 finalda “Zirə”ni mübarizədən kənarlaşdıran “Aznur” olacaq. Bu komandanın aparıcı oyunçularından biri də futzal və çimərlik futbolu üzrə milli komandamızda da oynamış İlkin Hacıyevdir. Hazırda futzal çempionatında mübarizə aparan “Neftçi”nin baş məşqçisi olan təcrübəli oyunçu minifutbol çempionatında futbolçu kimi çempionluq yaşamağa yaxındır. “Real Bakı” ilə yarımfinal mərhələsinin cavab görüşündən sonra Hacıyev Sportal.az saytına müsahibə verdi. 

- "Real Bakı" səddini keçərək finala vəsiqə qazandınız. Təəssüratın necədir?

"Real Bakı" ilə 2:2 oynadığımız yarımfinal mərhələsinin ilk oyununa oyunçular bir az rahat çıxmışdı. Düzü, “Zirə”yə qarşı hazırlaşdığımız kimi də hazırlaşmamışdıq. Motivasiya aşağı idi. Amma 2:2 oynadıqdan sonra futbolçular məsuliyyəti dərk etdi. Son məşqlərdə də ciddi hazırlaşdıq və qələbə qazanmaq istəyirdik. Buna da nail olduq. Yaxşı hazırlığın və motivasiyasının nəticəsində istəyimizə çatdıq. 

- Komandanın baş məşqçisi Rəcəb Fərəczadə olsa da, meydanda onun işini sanki sən yerinə yetirirsən. İlk dəqiqədən son saniyəyə qədər oyunçulara tapşırıqlar verirsən. Bu komandada olmağın “Aznur” üçün çox önəmlidir?

İlk növbədə Rəcəb Fərəczadəyə minnətdartlığımı bildirirəm. Məni komandaya dəvət etdi, onunla oyunlarda məsləhətləşirik. Hər məşqdə, hər oyunqabağı məsləhətləşməklərimiz olur. Mənim də ona köməyim dəyir. Bəzi standart vəziyyətlər, bəzi taktiki gedişləri birlikdə düşünürük. Yəni, burada bir komandayıq və bu da sevindirici haldır. Komanda kimi də məqsədimizə doğru irəliləyirik.

- Komandanızın uğurlu çıxış etməsi üçün pley-off matçları lazım idi? Müntəzəm liqada o qədər də uğurlu çıxış edə bilmirdiniz...

Belə deməzdim. Hər bir komandada eniş dövrü olur. Biz də bu dövrü yaşamışıq. “Zirə” ilə ¼ final mərhələsinin oyunundan qabaq toparlandıq. Hər bir oyunda ürəyimizi ortaya qoyduq. Komandada istək, motivasiya möhtəşəm idi.

- Final haqda düşüncələrin necədir? Qızıl medalları qazanmaq mümkün olacaq?

“Zirə” ilə oyundan sonra motivasiyamız daha da artıb. Ondan sonra bütün oyunlara final kimi çıxırıq. “Birbaşa”ya qarşı final görüşünə də ciddi hazırlaşıb, qalib gəlmək istəyirik. Çempionlar Liqasına yollanacağıq. Bu turnirə yollanmaq əsas istəklərimizdən biridir. “Aznur”a gələndə, ilk növbədə Çempionlar Liqasını düşünmüşəm. Komanda üçün əlimdən gələni edəcəm. Avropada da klubumuzu, ölkəmizi layiqincə təmsil etmək niyyətindəyik.

- “Neftçi”nin futzal komandasında baş məşqçisən və orada ölkə kubokunu qazana bilərsən. Orada baş məşqçi, minifutbolda isə oyunçu kimi çempionluq qazanmaq yəqin ki, qəribə, həmçinin də maraqlı olardı...

Bəli, futzalda da hazırlığımızı davam etdiririk. Aprelin 25-də “Baku Fire” komandası ilə yarımfinal matçımız var. Finala çıxıb, kuboku da  qazanmaq istəyirik. Təbii ki, minifutbolda da oyunçu kimi çempionluğu qazanmaq əla olardı. “Aznur”la Çempionlar Liqasına vəsiqə qazandıqdan sonra, futbolçu karyeramı yekunlaşdıracam. Ümid edirəm ki, hər şey istədiyim kimi alınar. 

Mirbağırağa
 

Xəbər xətti