"Oyundan əvvəl həmin məlumatlar bizdə var idi, böyük motivasiya oldu" - MÜSAHİBƏ

13:34 - 26 Aprel 2024

"Sumqayıt"ın müdafiəçisi Murad Xaçayev Sportal.az saytına müsahibə verib. O, komandasının avrokuboklar şansını dəyərləndirib.

- Premyer Liqanın 31-ci turunda səfərdə "Turan Tovuz"la qarşılaşdınız. Matç sizin üçün necə keçdi? "Turan Tovuz"un qalib gələcəyinə inananlar da var idi...

Tovuzda istənilən komanda üçün oynamaq çətindir. Üstəlik, mövsümün sonu yaxınlaşır, "Turan Tovuz"la da turnir cədvəlində yaxınıq. Bunlar oyunun gərginliyini daha da artırmışdı. Çətin olsa belə, qalib gəldiyimiz üçün şadıq. Amma hələ heç nə başa çatmayıb, mübarizə davam edir.

- Oyundan əvvəl ajiotaj yaradılmışdı. Bəziləri hakimlərin "Sumqayıt"a, bəziləri isə "Turan Tovuz"a kömək olacağını iddia edirdi. Bu, futbolçuların psixoloji durumuna necə təsir etmişdi?

Bəli, oyundan əvvəl həmin məlumatlar bizdə var idi. Bu haqda yazanlara təşəkkür edirəm. Çünki bizim üçün böyük motivasiya oldu(gülür). 

- "Sumqayıt" hazırda 47 xalla üçüncü pillədədir. Hazırkı vəziyyət sizi razı salır, yoxsa ikinci pillədə qərarlaşmağı daha çox istəyərdiz?
Məncə, hər bir futbolçu komandasının yüksək pillələrdə olmasını, medal qazanmasını istəyər. Premyer Liqada mövsümün sonuna cəmi 5 oyun qalıb. Hamısı da final ab-havasında keçəcək görüşlərdir. Üç oyunun hamısından maksimum nəticə toplamaq lazımdır. Meydana da bunun üçün çıxacağıq. 

- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsız. Rəqibiniz çempionluğunu rəsmiləşdirməsi sizin üçün üstünlük olacaq?

"Qarabağ"ın gücünü hamı bilir. Bəli, onlar sona 8 tur qalmış çempionluqlarını rəsmiləşdirdi. Amma biz turnir cədvəlində yuxarı pilləyə qalxmaq üçün hələ də, mübarizəmizi davam etdiririk. Üstəlik, "Qarabağ"la evdə oynayacağıq. Azarkeşlərimizin dəstəyilə də, "Qarabağ"la görüşdə maksimumu etməyə çalışacağıq. 

- Evdə oynayacaqsız və stadionunuzun tribunalarının tam dolacağı da gözlənilir. Ümumiyyətlə, "Kapital Bank Arena"da oynamaq sizin üçün yaxşı idi, yoxsa hazırkı stadionda?

Ümidvaram ki, azarkeşlərimiz stadionun tribunaları tam dolduraraq, bizə də maksimum dəstək evrəcəklər. Biz isə onları sevindirməyə çalışacağıq. Onların da bizə inandığını bilirəm. 

- "Sumqayıt" avrokuboklara vəsiqə qazansa belə, hazırkı komanda orada oynamağa hazırdır? Yoxsa, komandanın güclənməsinə ehtiyac var?

Düzünü desəm, indidən bu haqda düşünmürəm. Bu dəqiqə düşündüyümüz məsələ yalnız çempionat görüşləridir. Qalan 5 matçı fikirləşirik. Çox istəyərdik ki, bütün oyunlardan maksimum nəticə qazanaq. Komanda olaraq yalnız buna fokuslanmışıq.

Mirbağırağa

Xəbər xətti