"Kalmar" məni istəyir, oyunlarımı izləmək üçün ayrıca məşqçi təyin ediblər" - MÜSAHİBƏ

15:49 - 29 Aprel 2024

İsveçin "Savadalens" klubunda oynayan azərbaycanlı futbolçu Ayxan Cabbarov Sportal.az saytına müsahibə verib.

- Komandadan ayrılacağı gözlənilsə də, yenə "Savadalens"də qaldın...

Bəli, öz komandamda qalası oldum. Amma bu dəfə uzunmüddətli deyil. Böyük ehtimalla yeni komandaya keçidimə bir az zaman lazım gəlməyəcək. Hazırda "Savadalens"dəyəm və bu komanda üçün çalışıram. Yeni komandanın hansı olacağını zaman göstərəcək. 

- "Kalmar" səni transfer etmək istəyirdi. Niyə keçidin alınmadı?

Bəli, məni istəyirdilər. Sadəcə sonda konkretlik olmadı deyə, alınmadı. Amma bir neçə gün əvvəl yenə də zəng etdilər və məni yenə də istədiklərini bildirdilər. "Savadalens"dəki oyunlarımı izləmək üçün ayrıca məşqçi təyin ediblər. Görək də, necə olacaq. "Kalmar"ın istəyi var, etimad göstərirlər. Amma necə olacağını yay transfer pəncərəsi göstərəcək.

- Azərbaycan Premyer Liqasından da təklifin var. Vətənə gəlməyin mümkündür?

Belə bir maraq var. Doğrudur, istəyən komanda var. Amma məni istəyən Azərbaycan klubunun adını deyə bilmərəm. Çünki mənim səlahiyyətimdə olan məsələ deyil. Həm də, doğru çıxmazdı. Sadəcə istəyən olduğunu deyə bilərəm.

- Özün İsveçdə qalmaq istəyirsən, yoxsa Azərbaycana gəlməyi planlaşdırırsan?

Təbii ki, hər zaman dəyişikliklər yaxşıdır. Azərbaycan Premyer Liqasını da ara-sıra izləyirəm. Premyer Liqada da oynamaq olar. Sadəcə danışıqlar gedəcək. Konkretlik olanda, bir şey demək mümkündür. İndi isə nəsə deməyim doğru olmazdı.

- İsveçdə oynasan da, Azərbaycanın aşağı yaş qruplarının yığmalarına dəvət edilmədin. Azərbaycana gələrək bunu reallaşdıra bilərsən?

Mən Azərbaycan yığmasında oynamağa həmişə hazıram. Özümdən də əminəm. İnanıram ki, bir gün Azərbaycanın əsas millisində oynayacam. Bunun hansı klubda oynadığım zaman reallaşacağını isə ehtimal edə bilmərəm. Azərbaycanda oynayacam, yoxsa xaricdə qalacam, onu da zaman göstərəcək.

Mirbağırağa

Xəbər xətti