Musa Qurbanlı: "Bu yay rəhbərliklə danışıqlar üçün masa arxasına əyləşəcəyik"

13:17 - 30 Aprel 2024

"Yurqorden"in azərbaycanlı hücumçusu Musa Qurbanlı İsveç çempionatının 6-cı turunun QAİS-ə qarşı oyunundakı (1:0) çıxışını şərh edib, eyni zamanda oyun müddətinin azlığından danışıb.

Sportal.az xəbər verir ki, “Fotboll Sthlm” portalına danışan Qurbanlı İsveç klubundakı durumunu izah edib: 

"Daha yaxşı oynaya bilərdim. Yaxşı oynayıb qol vursam da, performansımdan heç vaxt razı deyiləm. Daha yaxşısını etməliyəm. Az oynayıram? Çətindir, çünki həmişə oynamaq istəyirsən, xüsusən də böyük matçlarda və derbilərdə. Bir neçə matçda heyətdə olmasam da, həm komanda ilə, həm də fərdi məşq edərək formamı saxladım. Mən həmişə hazır olmağa çalışıram",

Millimizin forvardı məşqçilər korpusu ilə münasibətindən də danışıb: "Hər şey yaxşıdır. Heç nə izah etmirlərsə, soruşmuram. Bütün qərarlar onlar tərəfindən verilir və onlar heç nə izah etməyə borclu deyillər. Məşqçilər nəsə təklif etsələr, bu, bir futbolçu kimi mənim üçün daha yaxşıdır, amma etməsələr, bu da normaldır. Vəziyyətimlə bağlı klubda başqa kiminlə danışmışam? İdman direktoru başda olmaqla, hamı ilə. Hamı mənə dəstəkdir. Sadəcə olaraq, hazırkı vəziyyətlə bağlı mənə izah verə bilməzlər. Çünki meydanda baş verənlər məşqçinin qərarıdır, başqasının yox”.

Qurbanlı, “Yurqorden”dəki gələcəyi haqda isə bunları deyib: "İndi heç nə deyə bilmərəm. Çünki qarşıda hələ çox matç var. Amma təbii ki, bu yay rəhbərliklə danışıqlar üçün masa arxasına əyləşəcəyik. İndi yığışıb haqqımda danışsaq belə, heç nəyə nail ola bilməyəcəyik. Transfer pəncərəsi hələ də bağlıdır".
 

Xəbər xətti