Ukraynalı millimizin üzvündən danışdı: "Vurduğum qolun 80 faizi Mustafayevin xidmətidir"

13:18 - 1 May 2024

Ukraynanın "Polesye" klubunda baş məşqçi əvəzi Sergey Şişşenko Premyer Liqasının 26-cı turunda “Vorskla” üzərində qazanılan qələbəni (1:0) şərh edərkən, komandanın azərbaycanlı yarımmüdafiəçisi Emil Mustafayevin asistini qeyd edib. 

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən ukraynalı mütəxəssis həmyerlimiz barədə bunları deyib:

"Qol vurulanda Aleksandr Nazarenko lazımi yerdə idi. Amma burada Emil Mustafayevin çox yaxşı iş gördüyünü də demək lazımdır. Onun vurulan qolda xidməti böyükdür. Təbii ki, bütün komandanın xidməti var idi, əsl kollektiv kimi mübarizə apardıq".

Eyni zamanda, qolun müəllifi də Azərbaycan millisinin üzvü barədə xoş fikirlər səsləndirib: "Düşünürəm ki, vurduğum qolun 80 faizi Emil Mustafayevin xidmətidir. Çünki o, hər şeyi etdi. Sadəcə sağ ayağımı qoymağım yetərli oldu. Allaha şükürlər olsun ki, qol vurdum. İndi bütün diqqətimizi çempionata yönəldirik və hər oyun finala bənzəyir". 

Xəbər xətti