Turnirin ən yaxşısı seçilən millimizin üzvü: "İndiki komandamız daha yaxşıdır" - MÜSAHİBƏ

14:18 - 2 May 2024

Azərbaycanın minifutbol üzrə yığma komandası Monteneqroda keçirilən turnirin qalibi oldu. Yarışın ən yaxşısı isə millimizin aparıcı üzvü Elvin Əlizadə seçildi. Hazırda milli komandamızın aparıcı üzvü, istedadı ilə Azərbaycan minifutbolunda da əsas simalardan hesab olunan Əlizadə Sportal.az saytına müsahibə verib. 

- Azərbaycan millisi Monteneqrodakı turnirin qalibi oldu. Yəqin ki, hər şey ürəyinizcə alındı?

- Hazırda Avropa çempionatına hazırlıq mərhələsindəyik. Bu turnir bizim üçün super alındı. Çünki qalib gəlmişik. Hər şey yaxşı oldu. Hazırlığımız davam edir, qayıtdıqdan sonra Azərbaycanda da hazırığımıza davam edəcəyik. Avropa çempionatına qədər tam hazır olmağa çalışacağıq.

- Maraqlıdır ki, qrupda Rumıniyaya məğlub olsanız da, finalda qalib gəldiz. Dünya çempionunu məğlub edərək turnirin qalibi olmaq yəqin ki, daha böyük motivasiyadır?

- Bəli, Rumıniyanı məğlub etmək gözəl hisdir. Çünki onlar dünya çempionudur və 6 qat da Avropa çempionudur. Bu idman növünə illərini veriblər. Neçə illərdir ki, minifutbol oynayırlar. Bizdən də çox köhnə komandadır. Azərbaycan isə 7-8 ilin komandasırı. Bu cür komandanı məğlub etməyimiz bizim üçün əlavə motivasiyadır.

- Avropa çempionluğundan sonra millimiz Montenqrodakı turnirin qalibi oldu. Yəqin ki, çempionluq üçün darıxmışdız? 

Əlbəttə ki, darıxmışdıq. Futbol olan hər kəs çempion olmaq istəyir. Qalibiyyət gözəl hisdir, insanı daha da gümrah, motivasiyalı edir. Avropa çempionatı öncəsi turnirdə qazanmaq daha da gözəldir. 

- Səncə, Azərbaycan millisi Avropa çempionatına nə dərəcədə hazırdır?

- İşlərimiz çoxdur. Mən belə görürəm. Biz daha da yaxşı olmalıyıq. Avropa çempionatında bizi yaxşı komandalar gözləyir. Təbii ki, bizim də çox yaxşı komandamız var. Sadəcə, 30-40 faiz çatışmazlıqlarımız var. Amma onların hamısını da aradan qaldıracağıq. Buna inanıram.

- Necə düşünürsən, Avropa çempionu olan komandamız daha güclü idi, yoxsa indiki?

- Fikrimcə, indiki milli daha da yaxşılığa doğru gedir. Yəni, daha yaxşıdır. Bununu nəticəsi də olacaq.

- Monteneqrodakı turnirin ən yaxşısı seçilməyin yəqin ki, sənin üçün xüsusi oldu...

- Turnirin ən yaxşısı seçilmək adama motivasiya verir. Hər bir futbolçu bu mükafata sahib çıxmaq istəyər. Şükür Allaha, mənə qismət oldu.

- Demək olar ki, millinin aparıcı qüvvəsisən və minifutbolumuzda da əsas simalardan hesab edilirsən. Maraqlıdır, topla böyük istedada sahib olsan da, niyə böyük futbolda, Premyer Liqada oynamağın alınmadı?

- Düzü, bu uzun söhbətdir. Mən 26-27 yaşım olanda, yaxşı vaxtlarımda dizimdən ciddi zədə almışdım. Daha sonra əməliyyat olundum. Böyük futbolda karyeramın arxasınca gedəcəkdim. Sonradan Birinci Liqa klublarından təkliflərim var idi. Oynaya da bilərdim. Lakin özüm istəmədim. Hətta Premyer Liqa klublarından da dəvət göndərənlər də oldu. Dizimdən zədə aldıqdan sonra, yaş da ötdü, üstünə də çox düşmədim. Alınmadı.

- Amma "Qusar"da oynayırsan. Böyük futboldan ciddi təklif gələrsə, qaydalara görə birini seçməli olacaqsan. Yoxsa, düşünürsən ki, gecdir və artıq özünü minifutbolda yaxşıdır?

- "Birbaşa Bakı"dan tanıdığım Kamil Məmmədov məni "Qusar"a dəvət edib. Həm komandaya kömək edirik. Həm də, arada böyük futboldan darıxırıq. Bunu aradan qaldırmaq üçün oynayıram. 32 yaşım var. Azərbaycanda alınar ya, alınmaz, bilmirəm. Dəstək və vaxt ayırmaq lazımdır ki, formaya düşəsən. O da indi minifutboldayam və qarşıda bizi Avropa çempionatı gözləyir. İndi həmin turnirə hazırlaşırıq ki, uğurlu nəticə qazanaq.

Mirbağırağa

Xəbər xətti