Azərbaycan yığmasının baş məşqçisi: "Çatışmayan cəhətlər yenə çoxdur, işləmək lazımdır"

15:36 - 2 May 2024

Azərbaycanın U-16 yığmasının baş məşqçisi İlham Yadullayev Sportal.az saytına açıqlama verib.

O, millimizin çalışdırıcısı Belarusun paytaxtı Minskdə keçirilmiş UEFA-nın inkişaf turnirindəki çıxışını dəyərləndirib: 

"Uşaqların inkişafı önəmlidir. Bizim üçün vacib olan məqamlardan biri də, bu cür oyunların, turnirlərin çox olmasıdır. Ki, uşaqlar öyrəşsinlər. Oyundan-oyuna uşaqlar özlərinə inandılar, meydançada istədiklərimizi düzgün yerinə yetirməyə çalışdılar. Çatışmayan cəhətlər yenə çoxdur, işləmək lazımdır. Əsasən də fiziki cəhətdən rəqiblərlə müqayisədə axsayırıq. Ona görə də, uşaqların fiziki durumu artsa, gələcəkdə yaxşı olacaq. İstəyərdim ki, mental cəhətdən də inkişaf etsinlər".

Yadullayev, yığmamızın Özbəkistan və Belarusa məğlubiyyətini, Tacikistanla isə bərabərə qalıb penaltilərdə məğlub etmələrini şərh edib: "Bundan əvvəl Minskdəki turnirdə Belarus və Özbəkistan bizdən bir yaş böyüklərlə oynayırdı. Bu turnirdə isə eyni yaşdaydılar. Özbəkistan futbolu çox inkişaf edib. Onlar belə turnirlərdə çox iştirak edirlər, çox yoldaşlıq matçları oynayırlar. Təcrübə toplayırlar. Özbəkistanla budəfəki matçda bizim qol imkanlarımız daha çox idi. Ancaq təəssüf ki, imkanlardan istifadə edə bilmədik və sonda nəticə onların xeyrinə oldu. Belarus yığması isə fiziki cəhətdən bizi üstələyir. Ötən turnirdə taciklərə uduzmuşduq. Bu dəfə isə uşaqlar ən yaxşı oyunlarını nümayiş etdirdilər, xüsusən də birinci hissədə. Hesab bizim xeyrimizə idi, yenə də fərdi səhvlərdən qol buraxdıq. Bu yaşda uşaqlarda təbii olan şeydir. Ondan sonra hesabda yenə irəli keçdik, 75-ci dəqiqədən sonra gücümüz hardasa bitdi və taciklər qol vurdu. Amma penaltilərdə biz qalib gəldik. Qələbə bizə mütləq lazım idi ki, uşaqlarda qələbə ruhu olsun".

Mirbağırağa

Xəbər xətti