"Futbol qəribədir, bir vaxtlar avrokuboklardan danışırdıq" - MÜSAHİBƏ

16:55 - 9 May 2024

"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Vadim Abdullayev Sportal.az saytına müsahibə verib:

- Komandanız 9-cu pilləyə düşdü. Hazırkı durumu necə dəyərləndirirsən?

- Düşdüyümüz durum bizim üçün ürəkaçan deyil. Hamımız bunu dərk edirik. Bütün düşüncələrimiz son oyunlarda maksimum xal toplayıb mövsümü mümkün olan ən üst pillədə bitirməkdir.

- Son turda "Sabah"a məğlubiyyəti necə şərh edərdin?

- "Sabah"la oyunda çox tez gözlənilməz qol buraxdıq. Sonra bizim şanslarımız oldu. Amma yararlana bilmədik. Düşünmürəm ki, "Sabah" bizdən üstün oynadı. Qismət beləymiş. Çox istəyirdik ki, qələbə qazanaq. Deməli o gün layiq deyildik.

- Növbəti turda rəqibiniz "Turan Tovuz"dur. Gözləntilərin nədir?

- Neçənci tur olmasının, rəqibin kimliyinin heç bir önəmi yoxdur. Ancaq və ancaq qələbəni düşünürük. Kifayət qədər mativasiyamız var. Ayın 11-i hər şeyi görəcəyik.

- Mövsümü 9-cu yerdə bitirmək sizin üçün normal nəticə sayılacaq?

- Futbol çox qəribədir, bir vaxtlar avrokuboklardan, ilk 5-likdən danışılırdıq. Təəssüf hissi ilə deyirəm ki, indiki durum bizi üzdü. Amma bununla barışmaq, inkşaf etmək lazımdır. Çempionatı 8-ci pillədə bitirmək üçün əlimizdən gələni edəcəyik.

- Yeni mövsümdə "Araz-Naxçıvan"da qalacaqsan?

- Əvvəl də vurğulamışam ki, mənim üçün "Araz-Naxçıvan"ın yeri çox fərqlidir. Bura öz evim kimi baxıram desəm, yanılmaram. Məni burada görmək istəməyənə qədər ayrılıb kiminləsə danışıq aparmaq istəmərəm. Klub sağ olsun mənimlə danışıq aparıb. Sağlığ olsa, "Araz-Naxçıvan"da qalıb karyeramı burada davam etdirmək istəyirəm.

Mirbağırağa

Xəbər xətti