Rövşən Nəcəf AFFA prezidenti seçilən zaman ölkə futbolu ilə bağlı bir neçə mühüm mələsələyə toxunmuşdu. Onların arasında çempionatın yayım keyfiyyətinin artırılması da var idi. Bir neçə gün əvvəl mətbuata danışan AFFA-nın İK üzvü Maqsud Adığözəlov da yayım keyfiyyətinin artırılmasının labüd olduğunu qeyd edib.
Lakin deyilənlərin həyata keçirilməsi elə də asan məsələ deyil. Çünki bunun üçün ilk növbədə Səyyar Televiziya Stansiyasıları alınmalıdır. Komanda və oyun sayını nəzərə alanda, 2 STS-in əldə olunması lazımdır. Qeyd etmək yerinə düşər ki, yüksək yayım keyfiyyətinin təmin olunması üçün gərəkən belə maşınların birinin qiyməti təxminən 10 milyon avrodur. STS-ləri xarici ölkədən, məsələn, Türkiyədən bir illik kirayəyə də götürmək olar. CBC Sport yeni yaradılanda bu metoddan istifadə edilib. O vaxt Saran Holdingdən STS kirayə götürülüb. Lakin bu da idman telekanalına böyük məbləğə başa gəlib. Çünki CBC Sport-u bahalı avadanlıqla təchiz edən Saran Holdinq STS-də türk əməkdaşların çalışmağını şərt qoyub. Belədə Türkiyədən 10-a yaxın mütəxəssisə yüksək əməkhaqqı verilməsi, onların bahalı otellərdə yaşaması CBC Sport-un üzərinə düşüb.
Alternativ variant kimi Bakı Media Mərkəzinin STS-indən də yararlanmaq olar. Elə indi də CBC Sport zaman-zaman BMM-in Səyyar Televiziya Stansiyasından istifadə edir. Lakin onun da kirayəsi çox baha başa gəlir. Həm də nəzərə almaq lazımdır ki, həmin STS dövlət əhəmiyyətli tədbirlərdə də istifadə olunur. Mövsümboyu futbol oyunlarının dövlət tədbirləri ilə üst-üstə düşməyəcəyinə də zamənat vermək olmur.
CBC Sport telekanalının SOCAR Media-nın nəzdində olmasını da nəzərə alsaq, bu məsələnin çözümünün elə birbaşa Rövşən Nəcəfdən asılı olduğunu deməliyik. Həm AFFA, həm də SOCAR rəhbəri olan Rövşən bəy bu məsələyə çözüm tapmalıdır. AFFA-nın vitse-prezidentləri arasında yer alan Balakişi Qasımovun peşəkar televiziyaçı olması bu məsələdə Rövşən Nəcəfə yol göstərilməsi baxımından əhəmiyyətlidir. Rəhbəri olduğu İTV-də alqışalayiq işlər görən Balakişi müəllim Premyer Liqanın yayım keyfiyyətinin artırılması məsələsində dəyərli məsləhətləri ilə yardımçı ola bilər. Çünki Rövşən Nəcəf televiziya sahəsinin adamı deyil və mütəxəssis rəyi işin yalnız xeyrinədir.
Həmid
saytlarin hazirlanmasi