"Son günlər komandamız barədə həqiqətəuyğun olmayan bəzi xəbərlər yayılır. Altı futbolçumuzun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması haqda informasiyalar bu qəbiləndir".
Sportal.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında "Difai"nin prezidenti Asəf Məlikov deyib.
Birinci Liqada mübarizə aparan "fədailər"in rəhbəri bildirib ki, media bu tip məlumatları yaymaqdan öncə onu dəqiqləşdirməlidir: "Komandamız çempionatın son turunda "İrəvan"la Bakıda qarşılaşdı. Oyunun protokolundan da görünür ki, bütün futbolçularımız meydana çıxıb.
Heyətimiz o qədər geniş deyil, bütün oyunları demək olar eyni futbolçularla keçiririk. Mən onu deyim ki, əvvəla, beş futbolçumuz hüquq-mühafizə orqanları tərəfindən izahat alınmaq üçün dəvət olunub. Onlar da izahatlarını yazıb gəliblər. Araşdırma, mətbuatda yazıldığı kimi, "Zaqatala" səfər oyunu ilə əlaqədar deyil. Söhbət başqa bir oyundan gedir. Biz hər cür araşdırmaya açığıq və bu məsələdə hüquq-mühafizə orqanlarına kömək etməyə hazırıq. Birinci Liqaya bu cür diqqət göstərmələrini alqışlayırıq. Klub olaraq onların istənilən addımını dəstəkləyirik. Eyni zamanda rəhbərlik kimi komandamıza inanırıq.
"Difai" təşkilatı vaxtilə Azərbaycanın ictimai-siyasi həyatında böyük tarixi rol oynayıb. Belə bir təşkilatın adını daşıyan klubun formasını geyinmək hər bir futbolçu üçün şərəfdir. Bildirmək istəyirəm ki, idarə və inzibati heyət, məşqçilər və futbolçularımız hansı komandanın uğurları üçün çalışdıqlarını gözəl bilirlər.
Müsahibə üçün müraciət edən bütün media mənsublarına bildirmişik və yenə də diqqətə çatdırmaq istəyirik ki, araşdırma aparılan zaman məsələ ilə bağlı hər hansı açıqlama vermək düzgün deyil.
Çünki bu, araşdırma aparan qurumun işinə müdaxilə kimi qiymətləndirilə bilər. Yalnız onu deyə bilərik ki, müəyyən şübhə və ya ehtimallar varsa, araşdırılmanın aparılmasının tərəfdarıyıq və alqışlayırıq.
Təkrar edirəm, hər zaman hüquq-mühafizə orqanlarının yanındayıq və öz tərəfimizdən istənilən dəstəyi göstərməyə hazırıq".
saytlarin hazirlanmasi