"Zirə"nin təcrübəli qapıçısı Anar Nəzirov Sportal.az saytına müsahibə verib.
- Məğlubiyyətə əsas səbəb hakimlərin qərarı idi, yoxsa “Qarabağ”ın keyfiyyəti?
- “Qarabağ”ın keyfiyyətinə, oyununa söz ola bilməz. O haqda danışmaq bizə düşməz. Amma gördünüz ki, “Zirə” necə mübarizə apardı. Səhv danışıramsa, deyin. Son bir neçə ildə “Qarabağ”ın əsas heyətinə qarşı hansısa komandanın belə oynadığını görmüşdüz? Hakimlərdən danışmaq istəmirəm.
- Penalti epizoduna ən yaxın olan sən idin. Həmin epizodu necə şərh edərdin?
- O epizoda penalti verilirsə, hər epizoda verilməlidir. Təmas olmalıdır da. Futbolçumuz nə etməlidir ki? Durub baxmalıdır ki, rəqib keçsin? Hamımız epizodu gördük.
- Penalti veriləcəyini gözləmirdin?
- Əgər penalti yoxdursa, veriləcəyini necə gözləyim? Olsaydı, gözləyərdim. Səhv danışıramsa, deyin ki, səhv danışıram. Artıq neçə dəfədir ki, başımıza belə hadisə gəlir. Bu bizi sındıra bilməz. Əllərindən gələni etməkdədirlər, amma biz bura elə kollektiv yığılıb ki, sona qədər döyüşüb Avropa Liqasına yollanacağıq.
- Juninyo Olavionun penalti zərbəsini çıxarmağa yaxın idin...
- Penaltidir də, çıxarsam lap əla idi, amma olmadı.
- Bir ildən sonra meydanlara qayıtdın. Özünü fiziki və psixoloji baxımdan necə hiss edirdin?
- Bizim elə yaxşı komandamız var ki, kollektivə qoşulub oynayırsan. Mənim də az yaşım yoxdur, təcrübəm var. Zərrə qədər də olsun, komandanın vuruşacağına şübhə yox idi. Mən də əlimdən gələni edəcəkdim. Bir il oynayıb-oynamamağım önəm kəsb etmirdi.
- Fasilə zamanı paltardəyişmə otağında nələr danışdız? Çünki penalti qərarından sonra əsəblər tarıma çəkilmişdi...
- Onsuzda, bizim başımıza hər dəfə bu cür hallar gəlir də. Biz həm rəqibə qarşı hazırlaşırıq, həm də bizə qarşı qərəzli qərarlara qarşı. Ancaq düzü, belə şeylər bizə motivasiya verir.
- “Zirə” ilə müqavilən yayda başa çatacaq. Qalacaqsan?
- Mən bu günlə yaşayan insanam. İndi nəsə demək çətindir. Kubok oyunundan sonra qərarımı açıqlayacam. Bu dəqiqə hansısa qərar vermək bəlkə də, doğru deyil. Çünki qarşıda bizi oyunlar gözləyir. Onları oynayaq, daha sonra baxacağıq.
- Rəşad Sadıqov sənə müqavilə müddətini artırmaqla bağlı hansısa təklif irəli sürüb?
- Bu dəqiqə bütün motivasiyamız avrokuboklara, kubokun finalına yönəlib. Elə söhbət indi yoxdur. Hamı bir nəfər kimi ən yaxşısını etməyə çalışır.
- Bu mövsüm meydana çıxan ən yaşlı futbolçu oldun...
- Həqiqətən? O zaman məni təbrik edin(gülür).
Mirbağırağa
saytlarin hazirlanmasi