"Komanda avrokuboklara hazırdır, amma daha da güclənməliyik ki, mərhələləri keçə bilək" - MÜSAHİBƏ

16:34 - 14 May 2024

"Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlov Sportal.az saytına müsahibə verib.

- "Sumqayıt" hazırda turnir cədvəlinin ikinci pilləsindədir. Hazırkı vəziyyət sizi razı salır?

Əlbəttə ki, bu vəziyyətə görə sevinirik. İkinci pillədəyik də. Ancaq biz o yerdə bir neçə dəfə olmuşuq və sonradan oradan düşmüşük. Ona görə indi qarşıdakı iki oyuna fokuslanmışıq. Ən yaxşı şəkildə hazırlaşmaq lazımdır. Son turdan sonra isə artıq ümid edirəm ki, ikinci pillədə qalacağıq. Hər şey bizdən asılıdır. Çətin olacaq, amma inanıram ki, bunu bacaracağıq.

- Son turda "Səbail"ə qalib gəlməyinizi necə şərh edərdin? Matç haqda fikrin necədir?

Təbii ki, çətin oyun oldu. Ola bilər ki, elə də parlaq oyun keçirmədik. Ancaq diqqətli oynadıq və lazımlı qələbəni əldə etdik. Bu dönəmdə əsas olan da odur. 

- "Sumqayıt"ı qarşıdakı turda "Sabah"la matç gözləyir. Səncə, bu matçda qalib gəlmək şansınız nə qədərdir?

- "Sabah"a qarşı oyun ən gərgin matçlardan biri olacaq. Bəlkə də, elə ən gərgini olacaq. Şanslar 50/50-dir. Həmişəki kimi hazırlaşacağıq. Meydana da qələbə üçün çıxacağıq. Ona görə də çox ciddi hazırlaşırıq. Ən yaxşısını etmək istəyirik. 

- Demək olar ki, "Sabah"a final oyununa çıxacaqsız? Onlar da son turda uduzub, amma avrokuboklar uğrunda mübarizə aparırlar...

- Dediyim kimi, ən gərgin oyun olacaq. Amma həmin oyunla da heç nə bitməyəcək. Məncə, hər şey son turda bilinəcək. İndidən bir söz demək olmaz.

- Səncə, "Sumqayıt" avrokuboklara hazırdı, yoxsa ilk dəfə mərhələ adlamaq üçün yeni transfer lazımdır?

Komandamız avrokuboklara hazırdır. Ancaq əlavələr olmalıdır ki, daha da yaxşı özümüzü hiss edək. Daha da güclənməliyik ki, mərhələləri keçə bilək. Əlavə transferlər mütləqdir.

- Yeri gəlmişkən, "Qarabağ" ölkə kubokunu qazanarsa, ikinci yerdə qərarlaşan komanda Avropa Liqasına yollanacaq. Sizin üçün ən yaxşısı Avropa Liqasıdır, yoxsa Konfrans Liqası?

- Hər zaman maksimumu götürmək lazımdır. Qismət nədirsə, o da olsun. Biz işimizi görək, son turda da nəyə layiq olacağımızı görəcəyik.

Mirbağırağa

Xəbər xətti