"Ola bilər ki, baş məşqçi təyinatı gecikir. Yəqin ki, məşqçilərlə anlaşa bilmirlər. Hər halda, danışıqlar gedir. Mən də mətbuatdan izləyirəm. Hər halda, qısa vaxtda millinin baş məşqçisi barədə qərar veriləcək. Bir neçə namizəd olduğu deyilir".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının keçmiş hücumçusu Rauf Əliyev deyib.
O, adı millimizlə hallanan Vladimir Vays və Ştefan Kuntz barədə danışıb: "Vays haqda eşitmişəm. Kuntz isə Türkiyə millisindən tanışdır. Fikrimcə, nə qədər xeyirli olub-olmayacaqlarını zaman göstərəcək. Onların işinə baxdıqdan sonra qiymət vermək olar. Gəldikdən və işlərini gördükdən sonra nəsə demək mümkündür. Ümumiyyətlə, son zamanlar millidə Qurban Qurbanovu çıxmaq şərtilə, digər mütəxəssislərin hamısı xarici məşqçilər olub. Xarici məşqçilərin zamanında da millidə işlər o qədər çox uğurlu deyildi. Məncə, yerli, müasir futbolun üstünlük verən yerli mütəxəssislərimizdən birinə də güvənmək olardı. Amma yenə də, qərarı AFFA verəcək. Bu dəfə də seçimləri böyük ehtimalla əcnəbi olacaq.
Sırf Gürcüstan millisinə gəldikdə, onları bizdən fərqləndirən bir çox məsələ var. Onların futbolçuları xaricdə oynayır. Hamısı yaxşı klublarda çıxış edirlər, yaxşı oyun sərgiləyirlər. Millidə də özlərini çox yaxşı tərəfdən göstərirlər, motivasiyalı oynayırlar. Elə bunun da nəticəsində Gürcüstan millisi Avropa çempionatına vəsiqə qazandı. Bir çox məsələlərdə bizdən fərqlənirlər".
saytlarin hazirlanmasi