"Neftçi"nin yetirməsi, 2010-2015-ci illərdə bu komandanın formasını geyinmiş Elvin Yunuszadə Sportal.az saytına açıqlama verib.
31 yaşlı müdafiəçi Bakı klubunun hazırkı durumunu şərh edib.
Onun fikrincə, "ağ-qaralar"ın indiki vəziyyəti normal hesab olunmalıdır: "Görünən budur ki, "Neftçi" gümüş medal üçün oynayır. Belədə, komandanın hazırda ikinci pillədə olması, nəticələri pis deyil. Sadəcə mən "Neftçi"nin çempionluqlarını görmüşəm deyə, bu klubdan gözləntilərim hər zaman yüksəkdir. Elə çempionluqdur. Üstəlik, "Neftçi"dən gözlənti Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qrup mərhələlərində oynamasıdır. Bu mənada, köhnə günlərə baxanda, məyusluq var. Amma ümumi götürsək, "Neftçi" ikinci yer üçün oynayırsa, bunun özü də pis nəticə deyil. Lakin bilirəm ki, hər bir "Neftçi"li komandanı çempion kimi görmək istəyir".
Qeyd edək ki, Premyer Liqada 35 turdan sonra "Neftçi" 55 xala malik "Zirə" və "Sabah"ı qabaqlayaraq 56 xalla ikincidir.