"Dinamo"nun azərbaycanlı hücumçusu: "Özümü gələcəkdə Gürcüstan millisinin forvardı kimi görürəm"

11:49 - 24 May 2024

"Gürcüstanda işlərim yaxşı gedir. Hazırda "Dinamo"nun əvəzedici heyətində oynayıram. Yaxın vaxtlarda əsas komanda ilə məşqlərə çıxacam. Təbii ki, əsas komandanın məşqçilər korpusu da əvəzedici heyətin oyunlarını izləyirlər".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Dinamo"nun forvardı Yusuf Mehtiyev deyib.

Əslən azərbaycanlı olan gənc hücumçu Gürcüstanın aparıcı klubunun əvəzedici heyətində çıxış edir. Gürcüstanın U-18 yığmasına da cəlb edilmiş Mehtiyev tezliklə "Dinamo"nun əsas komandasında oynamaq niyyətində olduğunu hədəfləyib:

"Bəli, özüm üçün "Dinamo"nun əsas komandasında oynamağımla bağlı vaxt və hədəf qoymuşam. Ümid edirəm ki, yay toplanışından sonra əsas komandada çıxış edəcəm. Buna çox ümid ediərm. Əsas məqsədlərimdən biri də "Dinamo"nun A komandasında oynamaqdır".

AFFA həmyerlimizi U-19 yığma komandasına cəlb etmək istəsə də, sənəd məsələlərinə görə hələ ki, bunu reallaşdırmaq mümkün olmayıb. Gürcüstanın U-18 yığmasının üzvü məsələ haqda bu cür danışıb: "Azərbaycan yığmasında oynamaqla bağlı hələ ki, yenilik yoxdur. U-21 və ya A milli haqda danışmaq isə çox tezdir. Hədəflərim və məqsədlərimə çatsam, özümü gələcəkdə Gürcüstan millisinin forvardı kimi görürəm. Amma hələ ki, bunları danışmaq üçün çox tezdi".

Mirbağırağa

Xəbər xətti