Millimizin sabiq üzvü karyerasını başa vurmağa hazırlaşır: "Fikrim qətidir"

13:34 - 24 May 2024

"Futbolçu karyeramı bitirmək fikrim qətidir. 36 yaşım var. Həm də zədələrim çox olur. Məncə, artıq karyeramı bitirmək vaxtı yetişib. Ancaq komandanın içində təcrübəli futbolçu kimi də qala bilərəm".

Bu sözləri Sportal.az saytına açıqlamasında Vurğun Hüseynov deyib. "Kəpəz"in müdafiəçisi yeni mövsümdən məşqçi kimi fəaliyyət göstərmək istəyində olduğunu bildirib:

"Təbii ki, futboldan ayrı düşə bilmərəm. Çalışacam ki, fəaliyyətimə məşqçi kimi davam edim. Dediyim kimi, həm komandanın içində təcrübəli futbolçu kimi qalıb, eyni zamanda da B kateqoriyanı oxumaq istəyirəm. Ancaq yəqin ki, hər şey gələn ayın əvvəli dəqiq bilinəcək.

Açığı, "Kəpəz"də qalmaq ehtimalım daha çoxdur.Çünki burada çox gözəl kollektivimiz var. Onun hesabına da liqada qaldıq. İnanın ki, bu qədər çətinliklərin içində liqada qalmağımız sanki Konfrans Liqasına getmək kimidir. Allah qoysa, sponsor gələr və bu cür gözəl kollektivin hamısı qalar".

Qeyd edək ki, 36 yaşlı futbolçu "Turan Tovuz", "Qəbələ", "Sumqayıt" klublarında oynayıb. O, Azərbaycan millisində 15 oyuna 1 qol vurub.

Xəbər xətti