"Neftçi"nin avrokuboklara qatılmaması klub adına böyük faciədir" - MÜSAHİBƏ

17:23 - 26 May 2024

"Neftçi"nin veteran futbolçusu Bəxtiyar Musayev Sportal.az saytına müsahibə verib.

- "Neftçi"nin avrokuboksuz qalmasını necə şərh edərdiz? 

Bəli, çox təəssüf hissi ilə qeyd etmək istəyərdim ki, “Neftçi” yeni mövsüm avrokuboklarda çıxış etməyəcək. “Neftçi” onsuz da çempionluq uğrunda yarışmırsa, mənim üçün uğursuzluq deməkdir. İllərim bu klubda keçib. Ona görə “Neftçi”nin necə böyük klub olduğunu anlayıram. “Neftçi”nin avrokuboklara qatılmaması klub adına böyük faciədir. Buna başqa ad vermək olmaz. Çox təəssüf. Həqiqətən də çox üzgünəm. Düşünüləsi çox şey var. “Neftçi” bu hala gətirilib çıxarılmamalı idi. Təəssüf ki, ən köklü klubumuzu avrokuboklarda görə bilməyəcəyik.

- "Sabah”la görüşdə “Neftçi”ni heç-heçə də qane edirdi, lakin uduzdular. Əsas səbəbi və problemi nədə görürsüz?

- “Neftçi” bu mövsüm qeyri-stabil, məntiqsiz futbol oynayırdı. Bəli, “Sabah”la görüşdə bir xal komandanı qane edirdi. Onu da qazanmağı bacarmadılar. Futbolçulardan tutmuş rəhbərliyə qədər hamı günahkardır. “Neftçi”nin 5-ci yeri tutması faciədir. Bu komandaya o qədər lazımsız futbolçular yığışıb ki... “Neftçi” ruhunda olan futbolçu sayı çox deyil. Bəlkə 2-3 futbolçu motivasiya ilə oynayır. Qalan futbolçular isə çox istəksizdilər. Sanki vaxt keçirirlər. Çox oyunlarına baxmışam, ona görə bu qənaətə gəlmişəm. Bu mənada deyirəm ki, bərbad məşqçi də olar, idarəçilik də doğru getməyə bilər, amma elə oyunlar var ki, futbolçular oyunu çıxarmalıdır. Təəssüf ki, “Neftçi”nin futbolçuları o ürəyə, gücə sahib deyillər. “Sumqayıt”, “Zirə” kimi komandalar “Neftçi”ni qabaqlayırsa, getsinlər özlərinə başqa sənət tapsınlar. Futbolçunun qazancına heç vaxt qarışmıram. Amma hər kəs haqqını layiqincə meydanda verməlidir. 

- Miodraq Bojoviç mətbuat konfransında bildirib ki, “tək günahkar mən deyiləm”. Bununla bağlı mövqeyiniz necədir?

“Neftçi”də çalışan hər kəs günahkardır. Baş məşqçinin də, onu ora təyin edən rəhbərliyin də günahı var. Bəh-bəhlə gətirilən idman direktorunun da yükü çox ağırdır, çox günahlar da onun boynuna yazılmalıdır. Futbolçuları da dedim. Hər kəs bu məsuliyyəti dərk etməlidir. “Neftçi” çempionluq uğrunda yox, hətta 2-ci yer uğrunda mübarizədən qalib ayrıla bilmədi. Belə olmamalı idi. 

- Miodraq Bojoviçlə yollar ayrıldı...

- Bojoviç haqda fikrimi gəldiyi gündən bir neçə tur sonra demişdim. İki-üç həftəyə baş məşqçinin işini, oyuna təsirini, düzgün oyun və heyət qurmağını sezib, nəsə fikir bildirmək mümkündür. İki-üç turdan sonra göründü ki, “Neftçi”ni uğurlara aparmağa yaxın belə deyil. “Neftçi”də məşqçi zəhmi olmalıdır, heyət doğru qurulmalıdır. Futbolçular meydanda məşqçinin baxışlarından çəkinib, daha da fədakarcasına mübarizə aparmalıdır. Təəssüf ki, bunu görmürük. “Neftçi” məhəllə komandasına oxşayır. Təəssüf... “Neftçi” kimi tarixi klubun bu cür rəzil duruma düşməsini heç cürə qəbul edə bilmirəm. Bojoviçlə müqavilə müddətinin artırılacağına inanmırdım. Uzadılsa da, daha bundan pis çıxış yolu ola bilməzdi. Amma yolları ayırdılar. 

- Yeni mövsüm “Neftçi” əzəmətini qaytarmaq üçün nə etməlidir?

Hər il “Neftçi”də dəyişikliklər olur, biz yeni nəsə gözləyirik. Bu il böyük dəyişikliklər oldu. Yeni prezident gəldi, böyük büdcə ayrıldı, köklü dəyişikliklərdən söz gedirdi. Burada əsas məsələ odur ki, klubda futbolu bilən adamlar cəmlənməlidir. Onların verdiyi qərarlar da doğru olmalıdır. “Neftçi”də həm peşəkar, həm də vicdanlı şəxslər çalışmayana qədər belə olacaq. İsveçdən bəh-bəhlə idman direktoru dəvət edilib. Onun bu yaxınlarda müsahibəsini gördüm. Böyük futbolçu da olmaq olar, amma bu o demək deyil ki, baş məşqçi və futbolçu seçimini bacara bilərsən. Fərqli şeylərdir. Tarix boyu Dieqo Armando Maradona kimi futbolçu olmayıb. Amma məşqçi karyerası uğurlu olmadı. Çünki tam fərqli sahədir. Ada aldanmaq lazım deyil, işi bilən, doğru, vicdanlı insanlar klubda çalışmayana qədər “Neftçi” təəssüf ki, bu cür uğursuz, acınacaqlı mövsümləri sıralayacaq. “Neftçi”ni belə görmək çox ağırdır. Deməyə söz tapmıram. “Neftçi”siz avrokuboklar çox çətindir. Yeri gəlmişkən, mən öz məşqçilərimiz Rəşad Sadıqov, Samir Abasovu təbrik etmək istəyərdim. Onlar uğurlu mövsüm keçirdilər. “Neftçi”dən, “Sabah”dan həm büdcə, həm etdikləri transferlərə görə çox fərqlənirdilər. Çox aşağı büdcə ilə “Zirə” “Sabah” və “Neftçi”ni üstələyib ikinci oldu, Avropa Liqasına vəsiqə qazandılar. “Sumqayıt” bu cür heyət, bu cür büdcə ilə “Neftçi”ni qabaqlayıbsa, böyük iş görüblər. Həm Rəşad Sadıqov, həm də Samir Abasov böyük iş gördü, onlara təşəkkür edirəm.

Mirbağırağa

Xəbər xətti