Krunoslav Renduliçin gəlişindən sonra 11 oyuna 8 qələbə qazanan "Sabah" mövsümü 3-cü pillədə başa vurdu. Xorvat mütəxəssisin işə başlamasından sonra tək nəticələrdə yox, həm də bəzi futbolçuların oyununda irəliləyiş hiss olunmağa başladı. Belələrindən biri də yamaykalı Kahim Parris oldu. 24 yaşlı futbolçu komandanın nəticələrində önəmli rol oynadı.
"Sabah"da icarə əsasında çıxış edən Parris müqavilə ilə məxsus olduğu "Dinamo" Kiyevə qayıtmalıdır. Sportal.az-ın əldə etdiyi məlumata görə, "Sabah" ona görə yenidən Kiyev klubuna müraciət edə bilər. Lakin bunun üçün baş məşqçi Krunoslav Renduliçin rəyi lazımdır. Xorvat mütəxəssis gələn mövsüm Parrisi sərəncamında görmək istəsə, bu istiqamətdə "Dinamo" ilə danışıqlara başlanacaq. Renduliç hələ ki, heç bir futbolçu ilə bağlı rəhbərliyə raport təqdim etməyib.
Qeyd edək ki, Kahim Parris bu mövsüm Premyer Liqada 29 oyunda 4 qol və 6 asist edib. Kubok matçlarında isə aktivinə 2 asist yazıb.
saytlarin hazirlanmasi