Adil Şükürov: "Xahiş edirəm ki, "Kəpəz"ə dəstək olsunlar"

19:32 - 26 May 2024

"İlk növbədə "Kəpəz" azarkeşlərinə təşəkkür edirəm. Bizə azarkeşlik edən hər kəsə minnətdaram, sona qədər dəstək oldular. Çalışdıq ki, gücümüz çatan qədər oynayaq. Böyük itkilərimiz var idi, heyətimizdə bir çox oyunçular oynamırdı. Lakin sevindirici məqamlar oldu. Onları əvəzləyənlər də verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. İki cavan futbolçumuzu meydana buraxdıq. Həmin uşaqlara böyük ümid bəsləyirəm. Hər birinə də uğurlar arzulayıram".

Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 36-cı turunun "Turan Tovuz"la oyunundan sonra mətbuat konfransında deyib.

- Növbəti mövsüm üçün komandada nə qədər dəyişiklik olacaq?

Biz komandanı götürdüyümüzdən bu yana istədiyimiz çox şeyləri gördük. Bu futbolçularla istədiklərimizə nail olduq. Hədəfimiz odur ki, komandada olanların əksəriyyətini saxlayaq. Daha da güclənib, daha yaxşı yerlər uğrunda da mübarizə aparmaq niyyətindəyik. Bunun üçün də komandaya maliyyə dəstəyi lazımdır. İstəyirik ki, "Kəpəz"ə maliyyə dəstəyi olsun. Gəncə təmsilçisi yüksəklərdə olmağa layiqdir. Futbolçularımızın əksəriyyətini saxlamaq niyyətindəyik. Təbii ki, gedənlər olacaq. İstəmədiyimiz futbolçu yoxdur. Adama Nianenin müqaviləsi bitib. Bildiyim qədərilə onun özü başqa kluba keçmək istəyir. Buna etiraz etmirik. Nianeden başqa heç bir futbolçu ilə bağlı müraciət olunmayıb. Bu futbolçularla dibdən başladıq. Onlarla ayaq üstə qaldıqsa, elə onlarla da davam etmək istəyirik.

- İqor Rodriqesi istəyən komandalar az deyil. Onu saxlaya biləcəksiz?

Futbolçularla danışmışıq. Hər biri də ilkin olaraq bildiriblər ki, bizdən cavab gözləyəcəklər. Məhz bundan sonra digər klublarla danışıq aparacaqlar. Amma birinci bizimlə danışacaqlar. Əksər legionerlərimizə, yerli futbolçularımıza aiddir. Ümidliyik. Maliyyə durumu nə yerdə olacaq, maraqlanmalıyıq. Federasiyadan ayrılacaq maliyyəni bilməliyik. Ondan sonra isə əlavə maliyyə dəstəyi olsa, nə yaxşı. Olmasa, ona uyğun işimizi quracağıq.

- "Kəpəz"ə sponsor tapılması məsələsi nə yerdədir?

Ümumi müraciətimiz oldu. Komanda Premyer Liqada qaldı, bunun üçün bir çox işlər gördük. Gələcəklə bağlı planlarımız da var. Bir daha bildirim ki, aidiyyəti orqanlar, insanlar var, onlardan xahiş edirəm komandaya dəstək olsunlar. "Kəpəz"in inkişafında yardımçı olsunlar. Komandanın özünə, adına layiq yerlərdə qərarlaşmasına köməklik etsinlər. Bu komanda inkişaf etməlidir. İmkanlar var. "Qəbələ"dən sonra məşq meydançalarının imkanına görə başqa komanda görmürəm.

- Sosial şəbəkələrdə İlqar Nadiri təndiq olunur, azarkeşlər ona vaxt verib. Özünüzə qarşı necə, basqı hiss edirsiz?

Bu gün klubun belə vəziyyətdə olması, komandanın belə oynamasında rəhbərliyin, İlqar Nadirinin də şəxsən rolu var. Oyunlarda qalib gəldikcə, klub rəhbərliyi əlindən gələn hər şeyi edir. Bildiyim qədərilə, onun gücü çatmadığı imkanları belə bizim üçün yaratdı. Dəstək görürük. Gəncə futbol camiəsini tanıyıram. Hər kəslə çox yaxşı münasibətim var. Hər bir kəslə görüşəndə də deyirəm ki, Gəncə veteranları, futbolsevərlərinin bir məqsədi olmalıdır ki, "Kəpəz" inkişaf etsin. Bunun üçün isə tənqidlərdən çox dəstək lazımdır. Komandada bəzi sıxıntılarımız var. Əlavə olaraq da, bu tərəfdən olacaq şeylər, komandaya stresdir. İnanıram ki, bunu da heç kəs istəməz.

- Növbəti mövsüm Gəncə stadionu da hazır olmayacaq. Harada oynayacaqsız?

Bəli, nəzərimizdə iki stadion var. "Turan Tovuz"un və "Qəbələ"nin stadionlarıdır. Rəhbərlik də bu yöndə iş aparır. Əsas məsələ odur ki, maliyyəmiz nə qədər olacaq. Ona uyğun da planlaşdırma aparacağıq.

Mirbağırağa

Xəbər xətti