"Çempionat bitdi, darıxacağıq. Gərgin mövsüm keçdi. Son oyunu qələbə ilə başa vurmaq istəyirdik. Qərb derbisi idi, bu oyunlar tarixdə qalır. Futbol baxımından rəqibdən üstün idik. Qol epizodlarını boşa verdik. Bu gün futbolçularım müdafiədə də yaxşı oynadılar. İki ildir burada yaxşı işlər görürük. Daha da yaxşı olması üçün çalışacağıq. Keçən il bəlkə də bu xalla avrokuboklara vəsiqə qazanmaq ehtimalı var idi. Daha çox çıxarmalıyıq. Hər kəsə təşəkkür edirəm".
Sportal.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 36-cı turunun "Kəpəz"lə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
- Gedəcək və yeni gələcək oyunçularla bağlı planınız hazırdır?
- Çempionat gedə-gedə beynimizdə fikirlər var idi. Amma yenə də son oyunu gözləyirdik. Rəhbərliklə görüşümüz olacaq. Futbolçu göndərmək asandır, gətirmək isə çətin. Dəyişiklik olacaq.
- Ehtiram Quliyev oyundan sonra bildirdi ki, növbəti mövsüm üçün qarşınıza avrokubok hədəfi qoyulub. Bununla bağlı düşüncələriniz necədir?
- Bu il də istəyirdik. Gələn il qarşımıza avrokuboklara vəsiqə qazanmağa cəhd etməyi məqsəd qoyacağıq. Amma rəqiblərdən asılıdır. Bu il avrokuboklara gedən komandaların təcrübəsi, oturuşmuş heyəti var. Biz də çalışırıq ki, belə möhkəm komanda yığaq.
- Artıq avrokubok mesajı verildi. Təzyiqin olacağı sizi çəkindirmir?
- Ehtiram müəllimlə görüşməmişəm hələ, bilmirəm hansı mesajı verib. Ötən mövsüm də basqı var idi. Tovuz azarkeşləri çılğındır. Sabah burada "Barselona" ilə oynasaq, yenə udmağımızı istəyəcəklər. Bu, yaxşıdır. Biz də onları sevindirməyə çalışırıq. Addım-addım getmək lazımdır. Hansı klublar tələsirdi, bu gün çempionatda yoxdur. Bölgələrdə bünövrəni çox möhkəm qurmaq lazımdır. Əsas komanda ilə kifayətlənmək olmaz. Bunlar olmasa, uğur müvəqqəti olacaq. İki illik təcrübəmiz var. Gələn il daha yaxşı olmaq üçün çalışacağıq.
- Əvəzedicilər liqasının ləğv olunması sizcə, Azərbaycan futboluna fayda verər?
- Klub prezidentindən sonra mənə sual vermək... Bizim inkişafımız üçün çox şeylər lazımdır. Tək əvəzedicilərin liqası ilə iş bitmir. Futbolun bünövrəsini qoymalıyıq. Özümüz özümüzü aldadırıq. Azərbaycandan kənara çıxanda görürük ki, çox geridəyik. Bu gün meydançalar yoxdur. Təlim-məşq bazaları olmasa, futbolun inkişafı tezliklə olmayacaq.
- Bakı Olimpiya Stadionunda "COP29"la bağlı tədbirlər keçiriləcək. Məşqləri harada edəcəksiz?
- Çox yaxşı sualdır. Özüm də bilmirəm nə edəcəyik. Bakıda 5-6 meydança var, onları da sökürlər. Bu o deməkdir ki, futbol olmasın. Uğursuz olan kimi məşqçini göndərirlər. Nə qədər məşqçini göndərəcəklər? Aşağıdan başlamalıyıq. İlk olaraq klublar meydançalar salmalıdır. Bundan sonra mütəxəssis axtarmalıyıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi