"Zirə"nin prezidenti: "Rəşad Sadıqova inamımız böyükdür, bu mövsüm kuboku qazanmaq şansımız çoxdur" - MÜSAHİBƏ

12:30 - 29 May 2024

"Zirə"nin prezidenti Taleh Nəsibov Sportal.az saytına müsahibə verib.

- "Zirə" Azərbaycan Premyer Liqasında mövsümü ikinci pillədə başa vurdu. Liqadakı mövsümü komandanız üçün necə dəyərləndirirsiz?

- Biz mövsümə yaxşı start verdik. Elə bunun da sübutu kimi birinci dövrəni ilk pillədə başa vurduq. Həmin vaxtı da demişdim ki, bu mövsümü avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaq istəyirik. Reallıqlar var idi, "Qarabağ"ın həmin anda hansı gücə malik olduğunu görürdük. Digər klubların hamısı "Zirə" çapındadır. Uğurlu nəticə əldə etdik. Düzdür, uduzduğumuz matçlar da var idi. Müəyyən müddət, 7-8 tur uğurlu çıxışımız olmadı. Orada da xeyli xallar itirdik. Amma rəhbərlik tərəfindən, həm də futbolçuların göstərdiyi performans bildirirdi ki, biz üç yerdən birinə layiq görülə bilərik. Bunun üzərində də işlər gedirdi. Baş məşqçi ilə daim söhbətlər oldu, Orxan Məmmədov oyundan qabaq futbolçularla görüşürdü. Bu mövsüm Orxan bəy daha tez-tez görüşlər keçirirdi. Bu da komandaya əlavə motivasiya verirdi. Görüşlərdə dediyi sözlər, fikirləri futbolçular üçün inam qazandırırdı. Komanda da meydana çıxıb qalib gəlirdi. Əvvəllər kimsə inanmasa da...Bəziləri yazırdı ki, "Zirə" birinci pillədə olsa da, aşağıya enəcək. Amma görünən o oldu ki, bu mövsüm haqq etdiyimiz ikinci yeri tutduq. Qələbə Allahdandır. 

- Komanda 36 oyuna 33 qol vurub. Yəqin ki, Avropa Liqası ərəfəsində hücum xəttini gücləndirməyi planlaşdırırsız?

- Deməzdim ki, hücum futbolu oynamırıq. Ola bilsin ki, müəyyən matçlarda bir qol vururuq, nəticə bizi qane edir, dəyişikliklər edərək vacib olan üç xalı götürürük. Heyəti gücləndirmək məsələsinə gəlincə, qarşıda kubok matçımzı var, bizim üçün mövsüm tam bitməyib. "Qarabağ"la finalda artıq ikinci dəfə qarşılaşacağıq. İlk dəfə onlara penaltilər seriyasında uduzmuşuq. Komandamıza inanırıq. Şanslar bərabərdir. Kubok Azərbaycan çempionatı deyil, tam fərqli ola bilər. Rəhbərlik olaraq komandamıza inanırıq. Bu mövsüm kuboku götürmək şansımız çoxdur. Son oyunlarda göstərdiyimiz performansa baxsaq, kubok da həmin performansı göstərsək, kuboku qazanmaq mümkündür. O ki qaldı, transferlərə...Bu haqda danışmaq hələ tezdir. Final görüşündən sonra rəhbərlik və məşqçi heyəti ilə birlikdə bu haqda düşünəcəyik. Bizim potensial rəqiblərimiz də bəllidir. Onlara uyğun olaraq qərara gələcəyik.

- Son turda məlum oldu ki, "Zirə" ikinci yeri təmin edib və Avropa Liqasında oynayacaq. Demək olar ki, finala ikinci yerin sahibi kimi çıxmağınız komandaya rahatlıq gətirərcək, gərginlik olmayacaq...

- Ümumiyyətlə, rahatlaşmaq olmaz. Kubok tituldur. Bu titulu heç vaxt qazanmamışıq. Şansdır, yenə də bizə verilib. Məşqçilər və futbolçu kollektivi də əlindən gələni edəcək ki, titulu qazansınlar. İlk dəfə qazanılan tarixə düşür, ilklər həmişə şirin olur. 

- Bayaq qeyd etdiyiniz kimi, “Zirə” mövsümün gedişində 9 tur qələbə qazana bilmədi. Digər klublarda belə hal yaşananda, mətbuatda artıq baş məşqçinin gedəc biləcəyi ilə bağlı xəbərlə çıxmağa başlayır.  Amma "Zirə"də belə hallarla rastlaşmadıq. Rəhbərliyin Rəşad Sadıqova olan etimadı sonda özünü doğrultdu?

- Rəşad Sadıqovla dörd ildir ki, çalışırıq. Bu dörd ildə mətbuatda bir dəfə də olsa, belə bir şey dərc olunmayıb ki, baş məşqçini dəyişmək istəyirik. İstər eniş vaxtı, istərsə də yüksəliş vaxtı olmayıb. Rəşad Sadıqova etimadımız sonsuzdur, ona inanırıq. Həmişə də inanmışıq. İnamımızın bariz nümunəsidir ki, mövsümü ikinci bitirdik. Kuboku da götürməyimiz həm bizim, həm də Rəşad Sadıqov üçün lap gözəl nəticə olar.

- Son vaxtlarda Rəşad Sadıqovun adı “Neftçi” ilə yanaşı hallanır. Bu barədə fikriniz necədir?

- Bu barədə baş məşqçimizlə söhbətimiz olmayıb. Bilmirəm bu söhbət həqiqətdir, ya yox. Həqiqətə uyğun olsa, bu məsələlərin hamısı kubokdan sonrakı məsələlərdir. Ancaq bu haqda heç bir məlumatım yoxdur, Rəşad Sadıqovla da danışığımız olmayıb. Mətbuatda da ona bu haqda sual vermişdilər, bəlli cavabını vermişdi. 

- Avrokuboklarda potensial rəqiblər bəllidir: “Pafos”, “Visla”(Krakov), “Şerif” kimi komandalar yer alıb. Hansı sizin üçün daha qorxulu, hansı münasibdir?

- Hamısı güclü rəqiblərdir. Asan rəqib yoxdur. Qismət. Hansı ilə xeyirlidirsə, onunla da düşək. Avrokuboklara gəlib çıxıblarsa, demək ki, güclüdürlər.

- "Zirə"nin cari mövsümdəki uğurlu çıxışı, növbəti sezon büdcənin və hədəflərin artırılmasına səbəb ola bilər?

- Bu barədə danışıqlarımız gedir, hər şey ola bilər. Bunlar rəhbərliyin sponsorlarla danışığına, özümüzün ayıra biləcəyimiz məbləğdən asılıdır. Bu haqda nəsə demək çətindir. Ancaq Orxan müəllim də daxil olmaqla, hər bir komanda rəhbəri komandanın güclənməsini istəyir. Əmin ola bilərsiz ki, bizdə o istək çox böyükdür. Hər klubun maliyyə çətinliyi olduğu kimi, bu, bizdə də var. Kluba pul ayrılmasını təmin etmək çox çətin məsələdir. Ancaq bunun üzərində işləyirik.

Mirbağırağa

Xəbər xətti