Ayxan Abbasov: "Bu sözləri "Turan Tovuz" olanda da deyirdim, bəlkə də ciddiyə almırdılar" - MÜSAHİBƏ

16:18 - 15 İyun 2024

"Şamaxı"nın yeni baş məşqçisi Ayxan Abbasov Sportal.az saytına müsahibə verib.

- "Şamaxı"ya baş məşqçi təyinatınız gerçəkləşdi. Yəqin ki, bu "Turan Tovuz"dan ayrıldıqdan sonra baş verdi, yoxsa orada olanda da sizə təklif göndərmişdilər?

"Şamaxı"dan təklif "Turan Tovuz"dan ayrıldıqdan sonra gəldi. Yəqin ki, heç kim gözləmirdi. Özüm də, həmçinin. Futbolda belə hallar olur, normaldır. "Turan Tovuz"dan ayrılmağımdan iki gün keçmişdi, görüşmək istədilər, görüşdük. Qarşılıqlı razılaşma oldu.

- Başqa təkliflərin var idi? 

- Yeni ayrılmışdım komandadan. Hansısa komandadan bu dəqiqə təklif gəlməsini də heç gözləmirdim. Düzü, dincəlməyi də düşünürdüm. Fikirləşirdim ki, ən azından 6 ay dincəlmək olar. Amma "Şamaxı" rəhbərliyi ilə görüşdük və fikirlərimiz üst-üstə gəldi. Yekunda razılıq əldə edildi.

- Maraqlıdır ki, "Turan Tovuz"un baş məşqçisi kimi Niderlanda səfərə yollanmışdınız və buna görə də ehtimal etmək olmazdı ki, oranı tərk edəsiz. Niderlanda yollananda artıq bilirdiz ki, klubdan ayrılacaqsız?

- Xeyr. Son günə qədər bilmirdim, münasibətlər yaxşı idi. İndi də münasibətlər yaxşıdır. Ehtiram Quliyevlə və rəhbərlikdəki digər insanlarla da əlaqəm var. Ehtiram müəllimlə danışanda artıq hər şeyi bildim. Dediyiniz kimi, planlar var idi, transferlər etmək istəyirdik, təlim-məşq toplanışını danışmışdıq. Yeni sezona 70-80 faiz hazır idik. 4-5 transfer etmək istəyirdik. Amma qismət belə imiş.

- Tovuz klubunda qalmayacağınıza Ehtiram Quliyevlə təklikdəki görüşünüzdən sonra qərar verdiniz?

- "Turan Tovuz"a birinci ildə "Huner Group" gəlməmişdi, mart ayında gəldilər. Marta qədər komanda öz öhdəsinə düşəni etmişdi, Premyer Liqada qalmağı bacarmışdı. "Huner Group" gəldikdən sonra ölkə kubokunda iddiamız artdı və hətta yarımfinala qədər irəlilədik. Üç illik planımız var idi, cəmi bir il keçmişdi. Sona dörd tur qalmış avrokuboklar zonasına qədər gələ bildik. Məncə, yaxşı komandamız var idi. Biz bu komandanı bir illik yox, iki illik qurmuşduq. Legionerlərin hamısı qaldı, yerlilərlə də qalmağa razılaşdılar. Ayxan Quseynovla yanvarda razılaşmışdıq. Planlar gedirdi. Mən də gözləmirdim, amma futbolda hər şeyə hazır olmalıyıq. Onlar mənə, mən də onlara hörmətlə yanaşıram. Ayırldıq.

- "Turan Tovuz"da rəhbərlik sanki gözləmədi, vaxt vermədi. Bəs sizcə, "Şamaxı" rəhbərliyi vaxt verəcək sizə? 

- Məqsədimiz odur ki, bu mövsüm möhkəm komanda qurmalıyıq. Çünki möhkəm komanda qurmasaq, çətinlik olacaq. Bünövrəni yaxşı etmək lazımdır. Bu sözləri "Turan Tovuz" olanda da deyirdim, bəlkə də ciddiyə almırdılar. "Turan Tovuz"a ilk dəfə gedəndə də, klubun sponsoru yox idi. Biz orada klub rəhbərliyi ilə birlikdə elə iş gördük ki, bünövrəni sağlam qoyduq. Birinci ildəki heyətdən hələ 9-10 futbolçu komandadadır. Demək ki, seleksiya düzgün olub. Ondan sonra gələn legionerlər bu gün də komandadadır. Gələcəkdə böyük iş görmək istəyiriksə, komandanın bünövrəsini düzgün qoymalıyıq. "Şamaxı"da onu etmək istəyirik. Əlimi ağır yükün altına qoymaqdan çəkinmədim. "Turan Tovuz"da da bu yükün altına girmişdim. Çətinlik vaxtı isə heç bir bəhanələr gətirmədim. Çətinlikləri bilirəm, özümə, məşqçilərə, rəhbərliyə, futbolçulara inanıram ki, əl-ələ verib, hər şeyi yaxşı edəcəyik.

- Ümumiyyətlə, "Şamaxı"da uzunmüddətli plan var, yoxsa əsas məqsəd gələn sezon liqada qalmaqdır?

- "Şamaxı"da akademiya yaradıblar, Vəli Qasımov orada yaxşı işlər görür. Hamısı da Şamaxı uşaqlarıdır. 4-5 ildə 6-8 qrup yaradılıb. 3-4 ildən sonra bütün qruplar olacaq. Əsas komanda Premyer Liqada qalmasa, klub böyüyə bilməyəcək. Premyer Liqada mütəmadi oynamalısan. Sevindirici haldır ki, "Şamaxı" birinci liqaya düşsə də, təslim olmadı və yenidən qayıtdı. "Qəbələ" də təslim olmur, baş məşqçilərini saxladılar, transferlər edirlər. Bunlar hamısı Azərbaycan futbolunun xeyrinədir. Hansısa komanda aşağı liqaya düşə bilər, hansısa komanda yüksələ bilər. Hamı Konfrans Liqasına gedə bilməz axı.Ancaq bölgəni, şəhəri Premyer Liqada təmsil etmək gənclər üçün daha önəmlidir.

- "Şamaxı"da artıq yeni sezondan bir neçə legionerin olacağı bildirilir. Neçə legioner transferi reallaşdıracaqsız?

- Bizdə elə bir legioner limiti, məhdudiyyəti yoxdur. Büdcəyə bağlı olan məsələlərdir. Bu gün problem başqadı, yerli futbolçulardır. Qiymətlər elədir ki, hansısa futbolçuya təklif göndərməkdən çəkinirik. Bu rəqabətdə uduzuruq. Ancaq gənclərə inanırıq. Planımızda olan gənclər var, onları izləyirik, şans vermək lazımdır. Mən gənclərə hər zaman çəkinmədən şans vermişəm. Veysəl Rzayev, Fərid Yusifli kimi futbolçuları "Turan Tovuz"da qazandıq, Xəyal Nəcəfov "Neftçi"də əsas heyətdə oynamırdı, indi isə milliyə əsas namizədlərdəndir. Yenə də axtaracağıq, inandıqlarımız var. Onların yanında da legionerlər olacaq. Hansı mövqeyə yerli tapmasaq, xarici futbolçu gətirəcəyik. Komandada rəqabət olmalıdır. Kim güclüdürsə, o da oynayacaq.

Mirbağırağa

Xəbər xətti