Azərbaycan milli komandasının kapitanı Sevinc Cəfərzadə Sportal.az saytına müsahibə verib.
- Azərbaycan millisi AVRO-2025 üçün birinci pley-off mərhələsinə vəsiqə qazandı. Bəs, İsveçrə, Macarıstan və Türkiyə ilə yer aldığınız qrupda hansı oyunu daha yaxşı və daha pis oynadınızı düşünürsən?
- Macarıstanla səfər oyunu və Türkiyə millisinə qarşı isə hər iki matçı yaxşı oynadığımızı düşünürəm. Ən arzuolunmaz nəticəmiz macarlarla Bakıdakı oyunda qeydə alındı. Gözlənilmədən böyük hesabla uduzduq. Bu görünən tərəfidir. İnsanlar isə görünməyən tərəflərini və səbəblərini bilmədən bizİ təhqir edirlər, tənqidlər yağdırırlar. İsveçrəyə qarşı da müqavimət göstərib, ən azı bir xal qazanmaq üçün mübarizə apardıq. Çox təəssüf ki, bu alınmadı. İsveçrə turnirin ən güclülərindəndir.
- Qısa müddət ərzində milli komandamızın bu qədər yüksəlişə keçməsini nə ilə əlaqələndirirsən? Öncə, Millətlər Liqasında daha sonra yüksək diviziona yüksəldiz, ardınca AVRO-2025-də ilkin pley-off mərhələsinə vəsiqə qazandınız. Bunu necə bacardız?
- Bu uğurun arxasında komanda olaraq çox böyük əziyyə və böyük səbr dayanır. B liqasında düşdüyümüz komandalar Avropada sözlərini demiş və çox güclü qadın çempionatlarına, çox böyük keyfiyyətli oyunçu kütləsinə sahib komandalardır. Buna baxmayaraq, əzm, iradə göstərib qarşımıza qoyulan məqsədlərə çata bildik. Bunun da nəticəsidir ki, pley-off mərhələsinə vəsiqə qazandıq. Təəssüfləndiyim məqam odur ki, insanlar qələbərimizi deyil, ancaq məğlubiyyətlərimizi görürlər. Təbii ki, bunu hər kəsə şamil etmirəm.
- Maraqlıdır ki, kişi millisindən fərqli olaraq, qadın millisi bunu qısa müddətdə etdi. Onda düşünmək olar ki, kişi millisinə olan diqqət, qayğı sizə göstərilsə, daha böyük uğurlara imza atmağınız mümkündür?
- İstər kişi millisi, istərsə də qadın millisinin bir amili var, o da ölkəmizi layiqincə təmsil etməkdir. Çox təəssüf edirəm ki, bizdə bilmirəm nəyə görə, kişi millisi ilə ümumiyyətlə əlaqə yoxdur. Amma başqa ölkələrdə belə deyil. Mənə tez-tez bu haqda suallar verirlər. Xaricdəki futbolçular soruşur ki, kişi millisində əsas dostun və ya tanışın kimdir? Heç kimin adını çəkə bilmirəm. Yalnız Amin Seydiyev və Namik Ələsgərovdur. Onların da xanımları komanda yoldaşlarımdı deyə, belədir. Başqa da heç kimlə. İndi deyərsiz ki, bunun məsələyə heç bir aidiyyatı yoxdur. Ancaq əslində, mənim nə demək istədiyimi başa düşənlər düşəcək. Bu amillər çox vacibdir. İndiyə görməmişəm ki, Seydiyevdən başqa kimsə gəlib bizim oyunu izləyib və dəstək olsun. Bəlkə də kimsə gəlib, amma mənim məlumatım yoxdur. Ancaq bilin ki, kişi millimizin bizi stadiondan izləməsi də, özümüz üçün əlavə stimuldur. Düşünürəm ki, onların bəziləri uğurlarımızı eşidib sevinir. Lakin qızların məlumatı yoxdur bu haqda. Millimizin məşqçilərindən olan Arif Əsədovla söhbətimi xatırlayıram. Uğurlarımıza sevindiyini dilə gətirərək məni təbrik etmişdi. Füzuli Məmmədov da bizi çox dəstəkləyir. Həm stadiondan, həm də bizi görəndə bunu edir. Bu, bizim üçün stimuldur, diqqətdir. Bəzən bu cür şeylərə çox ehtiyacımız olur. Diqqətə gələndə isə, təbii ki, bizə diqqət kişi milli komandamızdakı kimi deyil. Desəm ki, elədir, yalan danışmış olaram. Ancaq AFFA bacardığı diqqəti və dəstəyi bizə göstərməyə çalışır. Onsuz da bizə AFFA-dan başqa heç kim dəstək olmur. Çox sevinirəm ki, kapitan olduğum milli komanda bu yerlərə gəlib çıxa bilib. Bu uğurda, qələbələrdə vəzifəsindən asılı olmayaraq komandada çalışan hər kəsin payı var. Qaldı ki, daha böyük uğurlara, yəqin ki, zamanla bağlıdır. Bizim daha çox keyfiyyətli oyunçulara ehtiyacımız var ki, bu uğurun davamı gəlsin. Çox təəssüf ki, keyfiyyətli və bacarıqlı oyunçular çox-çox azdır. Söhbət daha gənc oyunçulardan gedir. O zaman sual yaranır ki, bir neçə ildən sonra bizləri millidə kim əvəz edəcək?
- Digər maraqlı məsələ odur ki, yığmamızın demək olar bütün üzvləri ölkə xaricində çıxış edir. Kişi futbolçularımızın xaricə yollanmaq istəmir, daim darıxmaqdan gileylənib, geri qayıdırlar. Amma qızlarımız xaricə yollanmağa can atır. Burada əsas məsələ nədir? Azərbaycada qadın futbolu zəifdir deyə, məcburiyyətdən gedirsiz, yoxsa xarakter məsələsidir?
- Azərbaycanda liqamız çox arzuolunmaz səviyyədə zəifdir. Oyunçu kütləsi də yoxdur ki, ölkəmizdə rəqabtə olsun, qalıb burada oynayaq. Digər məsələsə isə maliyyədir. Heç bir klub pul vermir və ya maliyyəsi, sponsoru yoxdur. Mən özüm ölkəmizdəki çempionatda illərlə pulsuz oynamışam. Hazırda 2-3 klub bəlkə pul verir, o da çox az. Digər məsələ odur ki, futbolçusansa, legioner həyatı yaşamaq hədəfin olmalıdır. Ona görə ki, sən həm ölkəni təmsil edirsən, həm də ölkənin futbol bazarını. Bir oyunçu xaricə gedib özünü sübut edirsə, onund igər komanda yoldaşlarına, ölkəsinin futboluna maraq yaranır. Bizim qələbələrimizdə legioner həyatı yaşamağımızın da öz üstünlüyü var. Qızlar daha yaxşı komandalarda məşq edir, oyun təcrübəsi qazanırlar. Bu da milli komandaya gələndə çox böyük rol oynayır. Məsələn, oyun təcrübəsi, məşqlər, fiziki güc və sairə. Qaldı ki, kişilərə, hərənin özünə görə arqumenti var. Düşünürəm ki, səbəblərdən biri rəqabətə dözə bilməyib, geri qayıdırlar. Amma bunlardan Vüsal İsgəndərlini fərqləndirərdim. O legioner həyatında özünü və komandası üçün çox yaxşı işlər görməyi bacardı. Xarakterə gəldikdə, millət olaraq çox yüksək xarakterə malikik. Sadəcə hər kəsin bəlkə də arzuolunmaz üzləşdiyi problemlər olur. Biz isə onu bilmirik.
- Azərbaycan millisi pley-off mərhələsində Portuqaliya ilə qarşılaşacaq. Demək olar ki, düşə biləcək ən güclü rəqib düşdü? Şansları necə dəyərləndirirsən? Səncə, Portuqaliya millisini keçə biləcəyik?
- Aşkar favorit Portuqaliyadır. Amma biz də bu yerlərə gəlmişiksə, demək ki, hansısa gücün sahbiyik. Hesabın və ya nəticədən asılı olmayaraq, bu yerlərə gəldiyimiz üçün komandamla fəxr edirəm. Çox istətrdik ki, yaxşı nəticə əldə edək və təbii ki, bunun üçün mübarizə aparaq. Potensial rəqiblər arasında ən güclüsü Portuqaliya idi ki, onlar da bizə düşdü. Bu hala əsla üzülmürəm, əksinə sevinirəm. Bu cür komandalarla oyunlar bizim üçün nəticədən asılı olmayaraq, böyük təcrübədir.
Mirbağırağa
saytlarin hazirlanmasi