Aleksey Kaşuk: "Heç bir Azərbaycan klubuna keçidim mümkün deyil" - MÜSAHİBƏ

12:15 - 5 Avqust 2024

"Sabah" - "Makkabi" qarşılaşmasını izləyənlər arasında Aleksey Kaşuk da vardı.

Sportal.az xəbər verir ki, matçdan sonra "bayquşlar"ın sabiq üzvü Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.

- Öncə oyunla bağlı fikirlərini bilmək istərdik...

- Nəfəskəsən, həyəcanlı, gərgin qarşıdurma izlədik. Təbii ki, mən də daxil, çoxları bu qədər qolun qeydə alınacağı və oyunun əsas vaxtında "Sabah"ın məğlub olacağını gözləmirdi. Çox ağır qarşılaşma oldu. Sevindirici hal odur ki, sonda penaltilər seriyasında Azərbaycan təmsilçisi qalib gəldi. Əminəm ki, azarkeşlər bu matçı heç vaxt unutmayacaq.

- Xoş sonluqla başa çatan belə bir gərgin oyunda "Sabah"ın heyətində olmaq istərdin?

- "Sabah" mənim üçün doğma komandadı. Təbii ki, kənardan azarkeş kimi oyunu izləmək ağırdı. Amma reallıq odur ki, artıq bu komandanın üzvü deyiləm. Buna rəğmən bütün ruhum və qəlbimlə Masazır təmsilçisinin qələbə qazanmasını istəyirdim. Əsas odur ki, həm onların, həm də mənim istəyim reallaşdı.

- Çoxları matçın qəhramanı kimi Yusif İmanovu görür. Sən necə düşünürsən?

- Təbii ki, Yuskanın (Yusifi belə çağırır) oyundakı kritik seyvləri yadda qalan oldu. Amma bütün komanda sonadək mübarizə apardı. Kollektiv olaraq rəqibin matçın əsas və əlavə olunan dəqiqələrdə qələbə qazanmasına imkan vermədilər.

- Necə düşünürsən, Yusif bu gün Ukrayna və Avropa klublarında legioner həyatı yaşaya bilər?

- Tək Yuskanın yox, "Sabah"dakı digər azərbaycanlı oyunçuların da xarici klublarda oynamaq potensialı var. Fikrimcə, "bayquşlar" Konfrans Liqasında nə qədər irəliləsələr komandanın futbolçularına maraq da artacaq.

- "Makkabi" səddindən sonra "Sabah"ın qrup mərhələsinə düşəcəyinə inanırsanmı?

- İnanıram və gözləyirəm ki, onlar bunun öhtəsindən gələcək.

- Çoxları sənin "Qarabağ" və ya "Sabah" keçəcəyini gözləyirdi. Amma bu reallaşmadı. Bəlkə başqa bir klubumizla danışıqlar aparırsan?

- Heç bir Azərbaycan klubuna keçidim mümkün deyil. Bura gəlməyimin səbəbi başqadı. Bakıda mənə əziz və dost olan insanlar var, onlarla görüşməyə gəlmişdim. Sadəcə, səfərim həm "Qarabağ"ın, həm də "Sabah"ın avrokubok matçlarına təsadüf etdiyindən hər iki komandanın oyunlarını stadiondan canlı izləmək istədim.

Xəbər xətti