Futbol eksperti Aslan Kərimov Sportal.az saytına müsahibə verib. Təcrübəli mütəxəssis "Qarabağ"ın Çempionlar Liqası III təsnifat mərhələsinin "Ludoqorets"lə keçirdiyi ilk oyununu (1:2) dəyərləndirib, cavab matçı ilə bağlı gözləntilərini səsləndirib:
- "Qarabağ"ın "Ludoqorets"lə ilk oyununu necə dəyərləndirirsiniz?
- "Qarabağ" azarkeşlər üçün maraqlı oyun sərgilədi. Azərbaycan çempionunun belə dominant oyunu qələbə ilə bitirməsi daha məqsədəuyğun olardı. İlk matçda bunun öhdəsindən gələ bilmədilər. Oyunun ümumi keyfiyyəti çox yaxşı idi. Texniki tərəfdən yanaşsaq, "Qarabağ" "Ludoqorets"i bir çox komponentlərdə üstələyə bilmişdi. Təmsilçimiz əsasən də cinahlarda say çoxluğu yaratmağı bacarırdı. Rəqib 4-4-2 sistemi ilə oynayırdı. Rəqibin yarımmüdafiəçiləri geriyə kömək edə bilmirdilər. Əksinə, "Qarabağ"ın müdafiəçiləri və yarımmüdafiəçiləri say çoxluğu yaradıb həmlələr etməyə çalışırdılar. Bunun da öhdəsindən gələ bilirdilər. Bu qədər dominant oynayıb, rəqibi öz qapısının ağzına sıxışdırıb qol imkanları yaratmamaq belə keyfiyyətli oyuna bir az kölgə saldı.
- Sizcə, Bakıdakı məğlubiyyətin səbəbi nədir?
- "Qarabağ"da belə oyunlar az olmur. Məğlubiyyətə cüzi faktorlar təsir etdi. Bunlardan biri odur ki, yaradılan qol fürsətlərini dəyərləndirə bilmirsənsə, qapında qol görə bilirsən. İkincisi isə cinah ötürmələri və standart vəziyyətlərdir. Dünyanın istənilən komandası standart vəziyyətlərdən qol buraxır. Tam olaraq bunun qarşısını almaq çox çətindir. "Qarabağ" da istisna deyildi. Künc zərbəsindən buraxılan bir qol var. Amma ikinci qolun qarşısını almaq mümkün idi. Cinah müdafiəçiləri, xüsusən də Mateus Silva hücum baxımından çox böyük dəstək verir. Amma müdafiə cəhətdən digər oyunçulara, Torala, Elvinə, Veşovicə uduzur. Eyni cinahdan iki ötürmə və iki qolun buraxılması... Bu xırda nüanslar "Qarabağ"ın məğlubiyyətinə təsir etdi.
- "Qarabağ" rəqibinə hansı komponentlərdə uduzdu?
- "Qarabağ" heç bir komponentdə rəqibinə uduzmadı. "Ludoqorets"in ən üstün tərəfi "Qarabağ" topu itirən zaman sürətli əks-hücuma keçməsidir. Bunu da oyun ərzində 3-4 dəfə edə bildilər. Lakin mütəmadi şəkildə etməyi bacarmırdılar. "Qarabağ" əksər hallarda rəqib meydançasında topu itirəndə tez bir zamanda ələ keçirə bilirdi. "Ludoqorets"in 3-4 qol epizodundan iki dəfə fərqlənməsi böyük göstəricidir. "Qarabağ" hava toplarında da onlara məğlub olmadı. Futbol elə idman növüdür ki, bəzən "idman Allahı" rəqibin tərəfində olur. Onlar 4 fürsətdən 2 qol vurdular, biz isə 10 epizoddan 1 dəfə fərqləndik. Yeri gəlmişkən bəzi mütəxəssislər "Ludoqorets"in fiziki baxımdan "Qarabağ"ı üstələdiyini deyirlər. Mən bununla razılaşmıram. Rəqəmlərə baxsaz, görərsiz ki, "Qarabağ"ın futbolçuları fiziki baxımdan daha çox iş gördülər. Ola bilər ki, hansısa ikili mübarizədə "Ludoqorets"in oyunçuları bizimkiləri üstələyə bilər. Amma bu, onların fiziki cəhətdən hazır olduqlarının göstəricisi deyil.
- Cavab matçından gözləntiləriniz nədir? "Qarabağ" pley-offa yüksələcək?
- Hesab edirəm ki, Bolqarıstanda da maraqlı oyun izləyəcəyik. "Qarabağ" yeni öz üslubuna sadiq qalaraq topa nəzarət etmək məcburiyyətindədir. Bir topun əvəzini çıxmaq o qədər də çətin məsələ deyil "Qarabağ" üçün. Düşünmürəm ki, buna görə təmsilçimiz hücuma atılacaq. "Ludoqorets"ə görə bir az ehtiyatlı oynamaq lazımdır. Çünki, rəqib qol şanslarında çox yaxşı istifadə edir. "Qarabağ" yenə daha dominant oynamağa, "Ludoqorets" isə üstünlüyünü qoruyub-saxlamağa çalışacaq. Bolqarlar imkan olduqca əks-hücumlardan yararlanmaq istəyəcəklər. Standart vəziyyətlər də onlar üçün şans olacaq. Düşünmürəm ki, "Ludoqorets" bundan savayı nəsə edə bilsin.
- Sizcə, "Qarabağ" cavab matçında qələbə qazanmaq üçün nə etməlidir? "Ludoqorets"i üstələmək üçün necə oynamaq lazımdır?
- "Qarabağ"ın bir oyun üslubu var. İstənilən rəqibə qarşı eyni üslubda oynamağa çalışırlar. Düşünürəm ki, Ağdam təmsilçisi mərkəzdə bir dayaq yarımmüdafiəçisi, iki hücumameyilli yarımmüdafiəçi ilə oynayacaq. Çünki meydanın rəqibə aid olan hissəsində topa nəzarət etmək üçün hücumameyilli oyunçuları öndə daha çox saxlamaq lazımdır. "Qarabağ"a necə oynamaq lazım olduğunu tövsiyyə etməyə ehtiyac yoxdur. Onlar özləri bunu çox gözəl bilirlər. Mənə elə gəlir ki, öz üslublarından çıxan deyillər. Doğrusu da budur. Çünki, hər zaman bu üslubla uğur qazanırsansa, bundan dönməli deyilsən. Sadəcə olaraq qol imkanlarını reallaşdırmaq lazım gələcək. Bunu bacarsalar, oyun çox asan şəkildə "Qarabağ"ın tərəfinə keçəcək. Qurban Qurbanovun komandası məncə, standart vəziyyətlərin də üzərində işləyəcək. Həmçinin, müdafiə olunarkən rəqibin cinah ötürmələri zamanı boşluqlar verməmək üçün nələrsə edəcəklər. Futbolçular oyuna daha yaxşı köklənməlidirlər. Oyunçuların keyfiyyəti kifayət edir ki, "Ludoqorets"ə qarşı müdafiə olunmağı bacarsınlar. Bəzən konsentrasiya itdiyi zaman rəqib səni cəzalandıra bilir. Bu oyunda konsentrasiyanı yüksək saxlamaq lazım gələcək. Texniki heyət bunu futbolçara aşılaya biləcək. Mən əslində cavab matçının Bakıdakı oyundan daha rahat keçəcəyini düşünürəm. "Qarabağ" orada 2-3 top fərqi ilə qalib gələ bilər. Məncə gələcəklər də. Mən bu barədə çox rahatam. İlk oyundan qabaq da "Qarabağ"ın qalib gələcəyini proqnozlaşdırmışdım. Amma hesabı təxmin etmək olmur. Əks halda özümüzü münəccim hesab edərdik. Oyunun axarını açıq-aşkar görmək olurdu. Yüz faiz əmin idim ki, "Qarabağ" dominant olacaq, öndə basqılı oynayacaq, qol imkanları yarada biləcək. Çünki, "Ludoqorets" müdafiədə boşluqlar verir. Əvvəlki mərhələdə "Dinamo" ilə matçda bunu görmüşdük. Amma bu qədər imkanları qola çevirə bilməməklərini təxmin etmək olmur. Bir neçə ay öncə "Bayer"in qapısına qollar vuran oyunçu bu matçda birini vura bildi, birini vura bilmədi. Andrade, Zubir kimi futbolçuların bəzən qapıya vurduğu zərbələr qeyri-dəqiq olur və ya rəqib qapıçı möhtəşəm oynayır. Buna görə də hesabı heç kim təxmin edə bilmir. Yüz faiz əminəm ki, "Qarabağ" səfər oyununda "Ludoqorets"i öz cərimə meydançasının qarşısına otuzduracaq. Sadəcə olaraq qol imkanlarını reallaşdırmaq lazım gələcək.
Elçin Əlixan
saytlarin hazirlanmasi