Rikardo Fernandes: "Neftçi" əla klubdur, amma hamı qələbə üçün əlindən gələni edəcək" - MÜSAHİBƏ

14:23 - 27 Avqust 2024

"Şamaxı"nın qapıçısı Rikardo Fernandeş Sportal.az saytına müsahibə verib. 

- "Şamaxı” “Zirə” üzərində 1:0 hesablı qələbə qazandı. Matç sizin üçün necə alındı?

- Çox vacib qələbə oldu. Əla komandaya qarşı oynadıq. Bu oyun da digərləri qədər önəmli idi. Çalışdığımız məqsədə nail ola bildik.

- “Zirə” Azərbaycanı avrokuboklarda təmsil edirdi. Ötən mövsüm ölkə çempionatında ikinci pilləni tutub. Bu cür komandanı səfərdə məğlub etmək sizə gələcək üçün stimul və böyük motivasiya verəcək?

- Bayaq dediyim kimi, bu, böyük qələbə idi. Ammabu  cəmi 3 xaldır və hələ çox uzun yolumuz var. Bu oyun geridə qaldı. Biz xoşbəxt idik, amma artıq növbəti çağırış haqqında düşünürük.

- “Zirə”nin baş məşqçisi mətbuat konfransında bildirdi ki, “Şamaxı”nın qolkiperini keçə bilmədik, qola imkan vermədi. Həqiqətən də, bu matçda çox yaxşı performans göstərdin. Bu cür yaxşı oyunun nə ilə əlaqədar idi?

- Mənim üçün ən vacibi komandanın qələbəsi idi. Kollektiv kimi məqsədlərimiz var. Hamımız onlara nail olmaq üçün çalışırıq. Mən də, həmçinin.

- Hər oyunda bu cür performans göstərəcəyin təqdirdə, mövsümün sonunda “Şamaxı” səni komandada saxlamağa çətinlik çəkəcək. Çünki Premyer Liqada digər klublar səni transfer etmək istəyəcək...

- Düzünü deyim, mən bu barədə düşünmürəm. Mən bütün diqqətimi “Şamaxı”ya yönəldirəm və komandaya mümkün qədər yaxşı kömək etməyi bacarmaq istəyirəm. Biz hamımız klub üçün ən yaxşısını verməyə hazırıq.

- “Şamaxı” artıq ilk qələbəsini qazandı. Yəqin artıq hiss edirsiz ki, komanda qalib gələrək, turnir cədvəlində yuxarı pillələrə qalxa bilər?

- Bu, ilk qələbə idi və biz bunu əvvəlki iki oyunda da etmək istəyirdik. Məqsədimiz mümkün olan ən yaxşı nəticələrə nail olmaq üçün hər oyunda ən yaxşısını verməkdir.

- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsız. “Neftçi”dən gözləntilər yüksəkdir,  amma onlar heç nə edə bilmir. Bu matçda qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən? Səncə, “Neftçi”ni məğlub edə biləcəksiz?

- “⁠Neftçi” əla klubdur, əla oyunçuları var. Bilirəm ki, “Şamaxı”da olan hamı 3 xalı əldə etmək üçün əlindən gələni edəcək. Maksimum çalışsaq, uğura daha yaxın olarıq.

- Maraqlıdır ki, mövsümdə 4 tur geridə qalıb. Amma siz ilk dəfə 5-ci turda evdə oynayacaqsız. Yəqin ki, öz evinizdə, öz azarkeşləriniz qarşısında oynamağı səbirsizliklə gözləyirsiz? Ev stadionunuz süni örtüklü meydançadır. Bunun problemi var?

- Bəli, azarkeşlərimiz qarşısında evdə oynamağı səbirsizliklə gözləyirik. Onların sevinməsi üçün əlimizdən gələni etmək istəyirik.

- Azərbaycan çempionatında hansı qapıçını bəyənirsən? Səncə, güclü qapıçılar çoxdur?

- Mən bütün oyunları izləyirəm. Şübhəsiz ki, Azərbaycanda keyfiyyətli futbolçular çoxdur. Hamısı əla qapıçılardır.

Mirbağırağa
 

Xəbər xətti