"Qarabağ" avrokuboklarda uğurlu olmaq üçün qurulub, ÇL-də qala bilməməsini uğursuzluq kimi görürəm" - MÜSAHİBƏ

12:22 - 1 Sentyabr 2024

"Qarabağ" və "Neftçi" klublarında məşqçi kimi çalışmış Mehmet Ak Sportal.az saytıına müsahibə verib.

- "Qarabağ" "Dinamo"(Zaqreb) səddini keçə bilmədi. Həm səfərdə, həm də evdə rəqibinə uduzdu. Səncə, nəyə görə belə hesab qeydə alındı?

- "Qarabağ"ın ilk matçını da 90 dəqiqə izldəim. İlk oyunda "Dinamo"nun qapıçısı çox yaxşı performans sərgilədi. Halbuki "Qarabağ"ın çox qol epizodları var idi. Bu cür rəqiblərlə oyunda qol şanslarından yararlana bilmirsənsə....Doğrudur, "Dinamo"nun qapıçısı yaxşı oynadı. Məncə, cütün taleyi Zaqrebdə həll olunmuşdu. 0:3-dən sonra geridönüşün olacağı çətin idi. Mən də "Neftçi"də işləyərkən, Zaqrebdə "Qarabağ" qədər çox qol epizoduna girmişdik. Hətta bir neçə epizodda xorvatiyalılar topu qapı xəttindən çıxarmışdılar. Amma qapımıza gələn ilk epizod qolla nəticələnmişdi. Zaqrebdə 3:0 uduzmuşduq. "Dinamo" çox təcrübəlidir. Transferlərdən milyonlarla avro qazanan klubdur. Daim də yenilənirlər. Cütün taleyi Zaqrebdə həll olunmuşdu. "Dinamo" evdə üstünlük qazanmışdı. "Qarabağ" da təcrübəlidir.Bu komanda avrokuboklarda uğurlu olması üçün qurulub. "Qarabağ"ın Azərbaycan liqasını qazana bilməməsi mümkün deyil. "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməməsini uğursuzluq kimi görürəm. 

- Adətən, "Qarabağ" ilk oyunda rəqibini daha yaxşı tanıyır və ikinci görüşdə daha inamlı, daha uğurlu olur. Lakin bu dəfə belə olmadı...

- "Qarabağ" iki oyunda da uduzdu, qol vura bilmədi. Əslində, komanda üçün problemlər "Ludoqorets"lə matçlardan başlamışdı. Bakıda uduzmuşdular və bu da "Qarabağ"ın bəzi əskiklərinə önə çıxarmışdı. Razqraddakı matçda "Qarabağ" şansları dəyərləndirdi. Bu komanda daha çox keçid hücumunu çox yaxşı oynayır, üçüncü bölgədə pas edə bilən və üçüncü bölgədə rəqib bağıandığı zaman oranı açmaq üçün taktiki strategiyası olmayan kollektivdir. Keçid oyununu yaxşı oynayırlar, arxada boş zona tapdığında orada hərəkətlilikdə problem yaşamayan kollektivdir. Rəqibləri buna önləm aldığında, "Qarabağ" çözə bilmir.

- "Qarabağ" artıq üçüncü dəfədir ki, ÇL-də pley-off mərhələsində dayanır. Bundan əvvəl "Viktoriya"(Plzen), "Rakov"a məğlub olmuşdular. "Qarabağ" nə etməlidir ki, pley-off mərhələsində dayanmasın?

- "Qarabağ"da rəhbərlik, heyət səviyyəsi, maliyyə olaraq problemi yoxdur. Sadəcə oyun strategiyası və taktiki olaraq...Məncə, artıq başqa oyun strategiyasını da dəyərləndirməlidirlər. Burada baş məşqçiyə böyük görəv düşür. Okan Buruk da Türkiyədə çox ciddi şəkildə tənqid olunur. Okan Buruk "Yanq Boyz" qarşısında ikinci görüşdə çox ciddi xətalar etdi. Meydan içində çox ciddi səhvlər oldu. Okan Buruk bu yöndə tənqid edilir. Baş məşqçilər meydana qalib gəlmək üçün çıxarlar, oyun strategiyasını bəlli edərlər və buna görə reaksiya alarlar. "Qarabağ"da da belə reaksiya var idi. Bəzi nöqtlərdə xətalar oldu. Məsələn, "Dinamo"nun vurduğu ilk qol. Marko Pyaça ilə "Qarabağ"ın müdafiəçis arasında 7-8 metrə var. Belə olmamalıdır.Türkiyə və Azərbaycan klubları müdafiə qurğusunda problemi çözə bilmirlər. "Qarabağ"ın müdafiə qurğusunda sıxıntılar var idi. 

- Marko Yankoviç və Marko Veşoviç kimi aparıcı oyunçular "Qarabağ"ın heyətində oynamadı. Ola bilər ki, bunun da təsiri var idi?

- "Qarabağ"ın heyətindəki oyunçu səviyyəsində problem yoxdur. Çünki iki matçda "Qarabağ" topla oynaması, epizodlara girməsi daha çoxdur. Yetərsizlik anlamında problem yoxdur. Problem top rəqibə keçdikdə, qapınızda gördüyünüz qollardır. Sizin qol vurmağınız, oyunçularınızın səviyyəsi, həmin günkü hazırlığı və rəqibin qapıçısının necə dayanmasından asılıdır. Amma top rəqibə keçdikdə, buraxdığınız qollar komandanızın müdafiə qurğusu ilə bağlıdır. "Qarabağ"ın müdafiə qurğusu ilə bağlı problemi var. Bunun da taktiki strategiyalarla çözülməsi lazımdır.

- "Qarabağ" Avropa Liqasında "Tottenhem", "Ayaks", "Lion", "Elfsborq", "Malmö", "Bodo-Qlimt"lə oynayacaq. Şansları necə görürsən?

- Yeni format çox qəribədir. Çox oyun oynamaq önəmlidir. Azərbaycan Premyer Liqasının səviyyəsi ortadadır. Yeni format "Qarabağ" üçün avantajdır. daha yaxşı, daha təcrübəli klublarla oynayacaq. Bu da Azərbaycan futbolu, "Qarabağ"ın Avropadakı təcrübəsi üçün önəmlidir. Bu səviyyədəki rəqibləri çətin və asan adlandırmaq çətindir. Həmin günün şərtlərinə uyğun meydanda daha az xəta edən komanda qalib gələcək. Bu cür oyunların öncədən favoriti yoxdur. O qruplara qalmaq, o səviyyədə olmaq bütün komandalar üçün önəmlidir. "Tottenhem", "Ayaks", "Lion" kimi komandalarla oyunlar.... "Qarabağ" da önəmli komandalarındandır. Bu oyunlarda iki qələbə qazanıb, iki dəfə bərabərə qalsan, növbəti mərhələyə çıxmaq şansın var. "Qarabağ" da avantajlıdır. Evdəki oyunları qazansa, "Qarabağ" böyük üstünlük əldə edəcək. Onlara uğurlar arzulayıram.

Mirbağırağa
 

Xəbər xətti