Millimizin sabiq üzvü futbolçularımız haqda: "Özlərinə güvənsinlər, inansınlar, döyüşsünlər"

16:23 - 8 Sentyabr 2024

"Yığmamızın Slovakiyadan xal alacağına, qalib gələcəyinə inanıram. İsveçlə matç göstərdi ki,millimiz qol epizodları yaradır. Sadəcə istifadə edə bilmir. Komandamıza uğurlar arzulayıram. Futbolçular özlərinə güvənsinlər, inansınlar və döyüşsünlər. Xarakter olmalıdır. Xarakter olan yerdə, nəticə də gələcək".

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq kapitanı Rail Məlikov deyib.

Veteran futbolçunun fikrincə Fernandu Santuşun və Canni De Byazinin vaxtındakı komandalar arasında dəyişiklik yoxdur:

"Canni De Byazinin vaxtında Slovakiyanı səfərdə udmuşduq. Millidə vacib olmayan oyun yoxdur. Milli komanda Azərbaycanın şərəfini qoruyur. Burada zəif və ya güclü amili də yoxdur. Mən özüm də dəfələrlə yığmada oynamışam. Hər oyuna son matç kimi çıxırdıq. Çünki millinin şərəfini qoruyurduq. Slovakiya ilə oyuna da böyük ruhla çıxmalıdır ki, qələbə qazansınlar. Vacib oyundursa, komanda ikiqat mübarizə aparmalıdır. Allah qoysa, bu gün xal qazanaraq bizi sevindirərlər. Hamımız buna ümid edirik və millimizə dəstəyik. Düzü, millidə nəsə dəyişiklik hiss etmədim. Arif Əsədov, Canni De Byazinin vaxtındakı oyun stilində də çox dəyişiklik olmadı. Fernandu Santuş yenidir, işləmək lazımdır. İndi nəsə demək tezdir. Oyun üslubunu yeridə bilməyib. Gələcək oyunlarda nəsə demək olar. Vaxt lazımdır. Müəyyən vaxtdan sonra hər şeyi görmək olar. Halbuki İsveçə qarşı pis təsir bağışlamadıq. Slovakiyaya qarşı əsas heyətdə dəyişiklik olub-olmayacağına Fernandu Santuş qərar verəcək. İsveçə uduzsaq belə, qol şanslarımız var idi. Onları vursaydıq, qalib də gələ bilərdik. Asan epizodlardan istifadə edə bilmədik. İsveç isə epizodları vurdu. Məğlub olmamaq mümkün idi".

Qeyd edək ki, Azərbaycan bu gün Bakı vaxtı ilə 20:00-da Slovakiyanın qonağı olacaq.

Mirbağırağa

Xəbər xətti