Deyəsən, Hakimlər Komitəsinin rəhbəri De Bleker də başa düşdü ki, hakimləri "malalamaqla" düzələsi iş deyil bu. Əvvəlki turlarda bəraət tipli açıqlamalarla gündəmə gəlsə də, bu dəfə susqunluğu üstün tutub.
Əliyar Ağayevin "Şamaxı"nın futbolçusunu heç nədən meydandan qovmasına da reaksiya verməyib, Rəşad Sadıqovun blokla bağlı sualına da.
"Zirə"nin baş məşqçisi deyir ki, bu məsələni hakimlərdən dəqiqləşdirməyə çalışıb. Lakin onların cavabı ilə əməli üst-üstə düşməyib:
"Əvvəllər "Sabah" komandası bloklardan çox istifadə edirdi, indi isə "Turan Tovuz". Çox xahiş edirəm hakimlərdən xahiş edirəm desinlər, blok icazəlidir, ya yox? Soruşmuşam, dəfələrlə də deyilib ki, blok qoymaq icazəli deyil. Amma rəqibimiz cinah asmalarında da blok qoyurdu, kornerlərdə də. VAR isə buna müdaxilə etmir. Həmin epizodda görməmişəm, bilmirəm blok var idi, ya yox. Amma məşqçilərimiz ona etiraz edirdi. Böyük ehtimalla, təmiz qol idi. Nəsə olsaydı, VAR-dan geridönüş edilərdi. Amma ümumən deyirəm ki, blokla bağlı hakimlərimiz tədbir görsün. Blok qoymağa icazə verilmirsə, klublara bildirilsin. Olsa belə, VAR-dan bildiriş gəlsin. Əgər olarsa, biz də qoyaq. Bəzi komandalar edir, bəziləri etmir".
De Blekerdən cavab gözləyirik. Blok qoymaq olar, ya yox? Bəlkə də cavab verməmək daha sərfəlidi AFFA rəsmisi üçün. Naməlumluq davam eləsin, sərf eləyəndə bir cür, sərf eləməyəndə başqa cür qərar versinlər.
saytlarin hazirlanmasi