Bosniya klubundakı azərbaycanlı: "Ölkəmizlə bağlılığı olmayanlara verilən şanslar bizə verilmədi" - MÜSAHİBƏ

15:21 - 21 Oktyabr 2024

Ölkə xaricində çıxış edən azsaylı azərbaycanlı futbolçulardan biri də Elməddin Məmmədovdur. 29 yaşlı qolkiper hazırda Bosniya və Herseqovinanın "Yedintsvo Bihac" klubunun qapısını qoruyur. Amma bura onun ilk legioner həyatı yaşadığı ölkə deyil. 29 yaşlı qolkiper Qırğızıstanda “Alqa”, “Calal-Abad”, Gürcüstanda “Tsxinvali”, Maltada “Sent-Endryus”, Maldiv Adalarında “TC Sports Club” klublarında oynamışdı. Sportal.az saytına müsahibə verən Məmmədov balkan ölkəsinə gedişindən, oradakı məqsədlərindən söhbət açıb.

- Bosniya və Herseqovinada işlərin qaydasında gedir? 

Artıq 4 oyuna çıxmışam. İlk 5 həftəni oynaya bilmədim. O da işçi vizası və yaşamaq icazəsinin olmadığına görə idi. Ancaq problem həll olundu və 4 oyundur ki, meydana çıxıram. Məni bura gətirən baş məşqçi istefa verdi. İlk iki turdan sonra yeni baş məşqçi gəldi və lisenziyam yox idi, çətin günlərdən keçdim.

- Ümumiyyətlə, "Yedintsvo Bihac"a keçidin necə alındı? Təklif necə və hardan gəlmişdi? 

- Qapıçı məşqçisindən təklif gəldi. Onunla daha əvvəl Asiyada, Maldiv adalarında birlikdə işləmişdik. Bir-birimizi yaxşı tanıyırdıq. Maldiv adalarında olanda tanış olmuşduq. Baş məşqçi isə uzun illər Türkiyədə işləmişdi. Oğlu menecerliklə məşğuldur və A millimizdəki bir neçə futbolçunun xaricə transferinin reallaşmasına da kömək edib. Məni "Araz-Naxçıvan"da çalışan Sakit müəllimdən soruşmuşdular. Danışıqlar getdi və sonda Bosniya və Herseqovinaya gələsi oldum.

- Maraqlıdır, legioner kimi oynamağın problem yaratmır sənə? 

Problem o oldu ki, sənəd işləri uzun çəkdi, beş oyun oynaya bilmədim. Problem olmağa başlamışdı ki, işləmək və yaşamaq icazəsi verildi. Legioner limiti var, hər tur şans görmək üçün gərək səhvsiz oynayasan. Bəzən məşqçilər legioner limitinin qapıçıdan yana istifadə etmək istəmir. Ancaq mən sənədlərim hazır olandan sonra oynamağa başlamışam. Dörd oyunumuz qalıb, çalışacam ki, hər birində meydana çıxım.

- Komanda birinci liqada hazırda aşağı yerlərdədir. Yüksək liqaya vəsiqə qazanmaq şanslarınızı necə dəyərləndirirsən?

Yüksək liqaya çıxmaq çətin görünür. Çünki komanda sıfırdan qurulub. Legioner oyunçuların sənədləri ilk beş turda çatmadı. Bu özü də çox problem yaratdı. Ancaq şükür Allaha iki oyundur ki, qalib gəlirik. Davamını gətirmək niyyətindəyik.

- Fərqli-fərqli ölkələrdə legioner həyatı yaşamısan. Səncə nəyə görə sənə Azərbaycan klublarından maraq göstərən yoxdur?

Bilirsiz, təklif aşağı liqa klublarından olub. Amma mən bunu istəmirəm. Bunun çox səbəbi var. Allah ruzimizi verir, sevdiyim işi görürəm. Hansı səviyyədə oynayıram, bu isə ayrı söhbətdir. Bir çox insan limit olduğu üçün 2021-ci ildə futboldan getdi. Mən isə oynamaq istəyirəm. İnanmıram ki, 21 yaşında məşqçiliyə başlayanlar bizə normal qapıçı yetişdirsinlər. Qapıçılıq praktikadan gəlir. Teoriya bu işin 20-30 faizidir. Mənim yaşımda olan həmkarlarım da oynamaq istəmədi. Kimə baxırsan, 21 yaşında Aslan Kərimovla Üzeyir İbrahimovun üstünə gedir ki, qapıçı məşqçisi olmaq istəyirəm. Bununla barışmıram. Bəli, hər kəs yüksək səviyyədə oynaya bilməz. Ancaq hansı səviyyədə mümkündürsə, öz üzərində çalışmalısan. 

- Bosniya və Herseqovinada yüksək liqa klublarının diqqətini çəkə bilməmisən?

Bu liqada iki legioner qapıçı var, biri mənəm. Bosniya və Herseqovinada qapıçı məktəbi keçmiş Yuqoslaviya məktəbidir. Özü də çox yaxşı səviyyədədir. Klublar legioner qapıçı istəmir. Demək olar ki, legioner limitini başqa mövqelər üçün istifadə edirlər.

- Maliyyə məsələsində vəziyyət necədir? Normal maaş verirlər?

Düzünü desəm, alacaqlarımın sadəcə 50 faizini veriblər. Kluba yeni prezident təyin olunmalıdır. Buradakı maaşım məni qane edir. Ancaq o qədər yüksək də deyil. 

- Yəqin ki, hazırda millidən təklif gözləməzsən. Bosniya və Herseqovinada yüksək liqada oynayası olsan, bunu istəyəcəksən...

Milli səviyyədə oynamaq üçün gərək vaxtında kimlərsə bizə inanardı. Təəssüf ki, Azərbaycanla bağlılığı olmayanlara verilən şanslar bizə verilmədi. Onlara yaradılan şərait mənə yaradılmadı. Eybi yoxdur, əsas odur ki, sınmadıq, əziyyət çəkdik, oynamağa davam etdik. Maksimum hansı səviyyədə oynaya biləcəmsə, o səviyyədə də oynamağa davam etmək niyyətindəyəm. Yüksək liqadan təklifim yoxdur. Sadəcə stabil oynamaq lazımdır ki, bəlkə Azərbaycandan kimsə maraq göstərsin. 17 yaşıma qədər qapıçı məşqçisi ilə işləməmişəm. Məni yetişdirən klubun akademiyasına heç vaxt qapıçı məşqçisi də olmayıb. Valideynim tələb edəndə, bizdə qapıçı məşqçisi ştatı yoxdur deyirdilər. 21-22 yaşında isə əsas komandada üçüncü qapıçı kimi qocasan deyirdilər. Amma legionerlərə aya 15-20 min dollar ödəniş edirdilər. Təməlim düzgün qurulmamışdı. Amma 26-27 yaşında bəzilərini gətirdilər ölkəmizə və pasport verdilər. Milli səviyyədə sıfırdan qapıçı etdilər. Onlara top tutmaq öyrədildi. Bunları da hamı bilir.

Mirbağırağa

Xəbər xətti