"Araz Abdullayev mənə və Sadıq Sadıqova görə "Qaradağ Lökbatan"a gəlməyə razılıq verdi" - MÜSAHİBƏ

12:34 - 23 Oktyabr 2024

Birinci Liqada çıxış edən "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə Sportal.az saytına müsahibə verib. O, bu komandaya baş məşqçi təyin olunmasından və Araz Abdullayevin Lökbatan klubuna keçidindən danışıb.

- "Qaradağ Lökbatan"a baş məşqçi təyin olunmusan. Təyinat necə gerçəkləşdi? 

- Bəli, klubun fəxri prezidenti Sadıq Sadıqov məni komandaya dəvət edib. Mənə inandığı, güvəndiyi üçün ona təşəkkür edirəm. Gənc yaşda məşqçiliyə başlamışam, buna baxmayaraq mənə şans verdi. Bu həqiqətən çox sevindirici haldır. Sadıq müəllim hər zaman idmançılara dəstək olub, etimad göstərib. Mənə də göstərdiyi dəstəyə görə çox təşəkkür edirəm. Əlimdən gələni edirəm ki, etimadı doğrulda bilim.

- Komandanız hazırda sonuncu pillədədir. Bu durumdan çıxmaq mümkün olacaq? 

Mən gələndə komanda çox yaxşı vəziyyətdə deyildi. Ümumi götürsək, komandada çox problemlər var. Amma əlimizdən gələni edirik ki, problemlərin heç olmasa bəzilərini aradan qaldıraq. Qışa kimi nə bacarırıqsa, uşaqlarla birlikdə əlimizdən gələni edib, xallar toplayaacağıq. Tək istəyimiz budur.

- "Qaradağ Lökbatan"ı qarşıda kubok görüşü də gözləyir. "Karvan"la mübarizədən qalib ayrılaraq növbəti mərhələyə vəsiqə qazanmaq alınacaq?

- Sözün düzü, bizim üçün çempionat kubokdan daha önəmlidir. Amma əlimizdən gələni edirik. Heyətimiz də bir o qədər geniş deyil. Cavan və təcrübəsiz futbolçularımız çoxdur. Hansı ki, heç Birinci Liqada da oynamamış futbolçulardır. Bu da bir az çətinlik yaradır. Digər məsələlər var, onları da burada açıqlamaq istəmirəm. İşimiz çətindir. Uşaqların əzmkarlığı, verilən tapşırıqları yerinə yetirmək istəməkləri məni çox sevindirir. Ən yaxşısını edəcəyik ki, "Qaradağ Lökbatan" həmişə olduğu kimi layiqli yerdə qərarlaşsın. Çünki bu komanda liqanın həmişə ən güclülərindən olub. İndi komandanın sonuncu pillədə qərarlaşması məni də, rəhbərliyi də, futbolçuları da narahat edir. Ona görə əlimizdən gələni edirik.

- Birinci Liqadan Premyer Liqaya adlamaq nə dərəcədə realdır? 

- Bugünkü gün üçün bizim Premyer Liqaya çıxmaq kimi məqsədimiz yoxdur. Tək məqsədimiz komandanın oyununu günü-gündən inkişaf etdirib, bacardığımız qədər xallar qazanmaqdır. Ona görə də bugünkü gündə Premyer Liqaya çıxmaq haqda söhbət olmayıb.

- Araz Abdullayevin transferi daha çox diqqəti cəlb etdi. Onun transferi necə reallaşdı?

Araz mənim uşaqlıq dostumdur, futbola birlikdə başlamışıq. Arazla bir neçə dəfə əlaqə saxladıq, oturduq, görüşdük. Onun başqa variantları var idi. Arazı komandamda görməyi çox istəyirdim. Lakin bununla yanaşı, onun üçün ən yaxşısının reallaşmasını da arzulayırdım. Bəzi gecikmələr oldu. Onunla məsləhətləşdik, oyun praktikası qazanmaq üçün "Qaradağ Lökbatan"a gəlməsi daha məsləhətli oldu. Sağolsun, xahişimi rədd etmədi, komandaya qoşuldu. Onun da gəlişi, həm biz, həm də futbolçular üçün çox xoş idi. Sadıq müəllim də sağolsun...Klubun fəxri prezidenti odur. Araz Abdullayev həm mənə, həm də Sadıq müəllimə görə "Qaradağ Lökbatan"a gəlməyə razılıq verdi. Araza təşəkkür edirəm. 

- Onunla birlikdə "Neftçi"də oynamısan. O, bir vaxtlar ölkənin ən istedadlı oyunçusu sayılırdı. Səncə, "Qaradağ Lökbatan"a qədər gəlib çıxması nə ilə əlaqədardır?  Ondan gözləntilər nədir?

Bizə gəlməmişdən bir ay qabaq yüngül zədəsi var idi. Ona görə məşqlərə də çıxa bilmirdi. Elə bu zədəsinə görə xaricə gedə bilmədi. Halbuki Kiprdən təklifi var idi. Bu haqda çox şey danışa bilərəm. Ola bilər ki, ölkənin ən potensiallı futbolçusu idi. Amma məncə, Arazın üstündə çox söz-söhbətlər oldu. Burada özünün də hardasa rolu var idi. Lakin bugünkü gündə Araz kimi istedadlı oyunçuya çox ehtiyacımız var. Təkcə bizim yox, ümumi Azərbaycan futbolunun deyirəm. Çox məyusam ki, Araz birinci liqa klubuna gəlib. Məncə, Premyer Liqada belə, onun səviyyəsində çox futbolçu yoxdur. Futbolumuzun durumu göz önündədir. Onun özünü aparması, futbolçulara dəstəyi, yanaşması çox xoşuma gəlir. Nə olsun ki, Arazla dostam və yaxşı münasibətlərim var? Amma məşqdə, oyunda hər şey tamam fərqli olur. Səhv etmirəmsə, o, sonuncu dəfə maydan qabaq rəsmi oyuna çıxmışdı. Amma hazırda hər bir detalda səviyyəsinin başqa olduğu görünür. Hərənin öz fikri var. Lakin hazırda Premyer Liqada elə oyunçular oynayır ki, Araz Abdullayev onlardan qat-qat güclüdür. Başqa futbolçular da var ki, kənarda qalıblar. Elə oyunçular oynayır ki...Futbol tək göründüyü kimi deyil. Başqa şeylər var. Onlara varmaq istəmirəm. Arazın bizə gəlməsinə sevinirəm. Lakin bilirəm ki, o, bu dəqiqə kənarda qalacaq oyunçu deyil.

Mirbağırağa
 

Xəbər xətti