"Onun başına o qədər yumruq dəyməlidir ki..."

14:20 - 23 Noyabr 2024

Misli Premyer Liqasının 14-cü turunun "Kəpəz" - "Araz-Naxçıvan" matçını (0:2) izləyənlər arasında Naxçıvan Futbol Federasiyasının prezidenti, AFFA İK-nin sabiq üzvü Zaur Axundov da olub.

Axundov oyundan sonra Sportal.az saytının əməkdaşının suallarını cavablandırıb:

- Təbii ki, qələbə qazandığımız üçün sevinirik. Ağır oyun oldu. "Kəpəz"i də gözəl oyuna görə təbrik edirəm. Azər Bağırov komandada dönüş edib. Əslində heç-heçəlik oyun idi. Amma bu, futboldur.

- Belə demək olar ki, nəticədən razısız, oyundan yox?

- Bəli, iradımı da bildirdim. Oyundan əvvəl də komandaya demişdim ki, meydana arxayın çıxmaq olmaz. Futbolun öz qayda-qanunu var. Futbolçulara bildirdim ki, gələcəkdə belə səhvlərə yol verməsinlər.

- Qəbələ üçün yəqin ki, mükafat veriləcək...

- Mükafatı klubun prezidenti təyin edir, mən qarışmıram.

- Komanda 13 oyundur məğlub olmur. Bunu çempionluq mesajı kimi qəbul etmək olar?

- Xeyr, qətiyyən. Hələ qarşıda 22 tur var. Sonuncu tura qədər heç nəyi bilmək olmaz. Bu il çempionatımız çox yaxşı keçir. "Araz-Naxçıvan" bizi sevindirir. Fürsətdən istifadə edib demək istəyirəm ki, kaş bizim milli komandamız da qələbə qazanardı.

- Yeri gəlmişkən millinin çıxışı haqda fikirləriniz necədir?

- Mənim üçün "Araz-Naxçıvan" və digər klublardan daha vacib Azərbaycan milli komandasıdır. Həm futzalda, həm böyük futbolda. İsveçlə matçda acı məğlubiyyət yaşadıq. İnanın ki, mən hələ özümə gələ bilməmişəm. Bu, olmamalı idi. Canni De Byazini  söyürdülər. İtaliyalı məşqçi bu İsveçi 3:0 məğlub etmişdi. İstəyirsiz gedib Joze Mourinyonu gətirək... Futbolçu can qoymalıdır. Uduzanda da kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox. Bu oyunçular can qoymur. Bilmirəm niyə. Əgər mənim komandam olsaydı, əvəzedici heyəti meydana buraxaram, o futbolçuları qoymaram. Fernandu Santuş olmur, kim olur-olsun. 

- Sizin AFFA İcraiyyə Komitəsində təmsil olunduğunuz dövrədə də milliyə əcnəbi baş məşqçilər gətirilirdi. Əgər Mourinyo da gəlsə, düzəlməyəcəksə, biz niyə bu xətti tuturuq?

- De Byazi də, Santuş da peşəkar məşqçilərdir. Dünya futbolunda ad qoyublar. Amma bu yetimin oğlu oynamır axı. Əvvəllər İcraiyyə Komitəsinin iclaslarında da demişəm. Milli komandanın klublarla əlaqəsi yoxdur. Bir nəfər yoxdur ki, klub rəhbərlərinə irad bildirsin. Slovakiyaya uduzandan sonra daha millinin oyunlarına getmirəm, gedəndə əsəbləşirəm. Komanda məğlub olub, oyundan bir saat sonra futbolçu qulaqlığı qulağına taxıb gedir. Mən bir az emosional adamam, belə şeyləri qəbul edə bilmirəm. Elə bil bu dəqiqə bunlar uduzmayıb. Komandada təlim-tərbiyə yoxdur.

- Belə çıxır ki, "Dəmir Yumruq" yoxdur...

- İkiqat "Dəmir Yumruq" lazımdır. Necə olur ki, ötən il 3:0 udduğumuz İsveçdən 6 qol buraxırıq. Belə olmaz. Mənə necə toxunubsa, hamıya da toxunub.

- İctimaiyyət daha çox keçmiş AFFA rəhbərliyini günahlandırır. Sizin buna münasibətiniz necədir?

- Kimi istəyirlər günahlandırsınlar. Gedəndən sonra istəyirsən lap zurna çalsınlar. Eyni adamlar 0:6 hesabı ilə uduzur. 1 ildə qocalmayıblar ki. 11 futbolçunun motivasiyası yoxdursa, ayağını topa qoymur ki, zədə alaram, qorxaq ki oynayırsa, Santuş neynəsin? Bunlar cəzalanmalıdır. Klublar futbolçuya cəza verməlidir. Millidə 5-6 gün məşq edib oyuna çıxırlar. Sonra da başlayırlar ki, mükafat verin. Yoldaşlıq oyununda mükafat vermək olar? Dünyanın heç bir yerində belə şey yoxdur. Oyunçular millidə özlərini qoruyur, deyirlər ki, klubda yaxşı maaş alıram. Ona görə də millidə can qoymurlar. Klublarla işləyən koordinator olmalıdır.

- Klubları və futbolçuları qınadız. Bəs federasiyasının nə qədər günahı var?

- Federasiya nə etsin?

- Cavabdeh qurum odur...

- Sizinlə razıyam. Federasiya şərait yaradıb, komanda çarter reysi ilə uçur, yemək-içməyi verir, peşəkar məşqçi təyin edib. Federasiya yetim daha neynəsin?

- Federasiyanın təşkil etdiyi uşaq futbolu pis gündədir...

- O başqa məsələdir. Akademiyalar olmalıdır. Amma fakt indi millidə oyunçular var da.

- Naxçıvanda uşaq futbolunun inkişafı üçün hansı işləri görməyi planlaşdırırsız?

- İndidən başlamışam. Artıq daxili çempionat başlayır. Bir ay öncə Naxçıvan Futbol Federasiyasında iclas keçirdim. Təzə funksionerlərə 2 ay vaxt qoymuşam. Məşqçilərin maaşlarını da qaldırdım. 18-20 məşqçi var. Onlara dedim ki, yanvarın 10-u bura gələndə mənə 12-13 futbolçu verin. Həmin uşaqları Bakıya aparacam, ev tutacam, təhsil məsələlərini həll edəcəm. Eyni proses may ayında da olacaq. Alınmasa məşqçilər işlərini itirəcək. Naxçıvanda o qədər veteran futbolçular var. Onları gətirəcəm. Özümlə seleksiyaya Elmar Baxşıyevi, Rasim Ramaldanovu, Əfran İsmayılovu aparacam.

- Komandanı Naxçıvana nə vaxt qaytarırsız?

- Bu, mənim ən yaralı yerimdir. Fikrimiz var ki, işləri may ayına kimi bitirək. İşıqlandırma, meydançanın ot örtüyü. Naxçıvanda məni öldürürdülər. İnsanlar deyir ki, Naxçıvanın komandası Naxçıvanda oynamalıdır. Bunun üzərində işlər gedir. Bir şirkətlə razılaşmışıq, yaxın günlərdə işlər başlayacaq. 

- Ot örtüyü süni olacaq?

- Bəli. Naxçıvanın iqlimi sərtdir.

- VAR maşınının Naxçıvana aparılması problem olmayacaq?

- Bu, AFFA-nın işidir, onlar da bizə dəstək olur. VAR-sız çempionat olmaz. 

- Avrokuboklara düşsəz, Naxçıvanda oynayacaqsız?

- Ora düşək, sonra baxarıq.

- Çox ehtiyatlı danışırsız. Bunun səbəbi nədir?

- Keçənilki mənə dərs oldu. "Qarabağ"ı udandan sonra 8 oyunda məğlub olduq. Kaş elə "Qarabağ"a məğlub olardıq.

- Gənc oyunçunuz Mustafa Əhmədzadə milliyə dəvət olundu. Onun haqda fikirləriniz necədir?

- Onun başına o qədər yumruq dəyməlidir ki... Özüm Mustafa ilə tez-tez danışıram. Eşidirəm ki, ordan-burdan zənglər gəlir. Menecerlər artıq hərəkətə keçib. Bu uşaq hələ iki aydı ortaya çıxıb. Atası ilə də görüşmüşəm. Demişəm ki, ulduz xəstəliyinə tutulmasın. 20 yaşlı uşağı bədbəxt etmək olmaz.

Elçin Əlixan

Xəbər xətti