"Kəpəz"in kapitanı Yeqor Xvalko Sportal.az saytına müsahibə verib. Gəncə klubunun belaruslu müdafiəçisi komandasının Premyer Liqada uğursuz çıxışına münasibət bildirib.
- “Kəpəz” “Araz-Naxçıvan”la matçda rəqibinə 0:2 hesabı ilə məğlub oldu. Milli komandaların oyunlarına görə çempionata verilən fasilədən necə istifadə etmişdiz?
- Biz yaxşı hazırlaşmışdıq. İlk həftə fiziki aktivlik var idi və oyuna az qalmış rəqib üzərində çalışmağa başlamışdıq. İlk hissədə oyunumuz alınmadı. Sanki rəqibdən qorxduq. İkinci hissəni isə yaxşı keçirdik. Məncə, hesabı bərabərləşdirə bilərdik. Çünki qol epizodlarımız olmuşdu.
- “Araz-Naxçıvan” bu mövsüm uğurlu çıxış edir və ikinci pillədədir. Onlara qarşı oynamaq çox çətindir?
- Məncə, onlar layiqli şəkildə bu yerdədirlər. Deməzdim ki, onlara qarşı oynamaq çətindir. Sadəcə “Araz-Naxçıvan”ın heyətində bir epizoddan da dəqiq yararlanan oyunçuları var. Məhz həmin oyunçular matçın taleyini həll edə bilir.
- “Kəpəz” hazırda 7 xalla turnir cədvəlində sonuncu pillədədir. Səncə, bu durumdan çıxmağınız alınacaq?
- Azərbaycan Premyer Liqasında “Qarabağ”dan başqa istənilən rəqibə qarşı oynamaq olar. Çünki “Qarabağ” başqa səviyyədədir. Biz bütün matçlarda ən yaxşısına çalışacağıq.
- Növbəti turda rəqibiniz “Şamaxı”dır. Bu rəqibi səfərdə məğlub etməyiniz nə dərəcədə realdır?
- “Şamaxı” yaxşı komandadır. Məşqçi işi aydın şəkildə görülür. Əlbəttə ki, qalib gəlmək mümkündür. Məşqçinin deyəcəyi tələbləri yerinə yetirməliyik. O zaman nəticə olacaq.
- Səni uzun müddətdir ki, Belarus millisinə dəvət etmirlər. Millinin baş məşqçisi Karlos Alos səninlə maraqlanmır?
- Artıq bu haqda danışmışam. Oynadığın komanda sonuncu pillədədirsə, yığmaya düşmək çətindir. Üstəlik, millinin dəyişməyən heyəti var. Millimizin oyunlarına baxıram. Komanda çox pis də çıxış etmir. Ona görə də nəyisə dəyişməyin mənasını görmürəm.
- Matçın sonlarında fanatlarla mübahisə yaşandı və onlar sənə də nəsə deyirdi. Orada nə baş vermişdi?
- Mən bütün fanatları üzündən tanıyıram. Orada qəribə adamlar var idi, qışqırıb təhqir edirdilər. Soruşdum ki, nə problem var axı? O da qışqırmağa davam etdi. Axı mənim də 15 yaşım yoxdur ki, dayanıb onun təhqirlərinə qulaq asım. Bu insanlarla ortaq bir şeyin olmasını istəmirəm.
Mirbağırağa