"Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov Sportal.az saytına açıqlama verib. O, Ağdam klubunun Avropa Liqasının 5-ci turu çərçivəsində "Lion"a 1:4 uduzmasını şərh edib.
Bununla yanaşı isə, İsmayılov "Lion"un forvard Georges Mikautadze haqda da danışıb:
"Birinci hissədə çoxlu qol epizodlarımız oldu. Fasiləyə 2:1 qalib də yollana bilərdik. İkinci hissəyə zəif başladıq, topu "Lion"a verdik. Meydana sonradan daxil olan oyunçularımız da özlərini doğrultmadı. "Lion" isə düşən qol imkanlarından maksimum istifa etdi və layiqli qələbə qazandılar. Şanslardan yararlanmaq lazımdır. Gürcü forvard Mikautadzenin keyfiyyətli futbolçu olduğunu bilirdim. Amma bu qədər olduğunu bilmirdim. İki gözəl qol vurdu. Bizdə nə vaxt olacaq? Legionerlərdən danışırıqsa, bizdə də Juninyo var. Amma düzü, onun qədər də deyil. Mikautadze Juninyodan daha keyfiyyətli futbolçudur.
"Qarabağ"ın uduzmasının səbəbi odur ki, hücuma çox aludə olur. Boşluqlar çox verir. Böyük klublar da bunlardan istifadə edirlər. Hesab "Qarabağ"ın 2:1, 3:1 xeyrinə olanda, onlar oturub gözləmirlər, yenə də hücuma çıxırlar, qol vururlar. Əvəzində də qapısında qol görürlər. Qarşıda üç oyun qalıb. Nə qədər xal qazanacaqlar, bilmirəm. Zaman göstərəcək. Əgər pley-off mərhələsini fikirləşiriksə, xal qazanmalıyıq. Üç dişimizə uyğun rəqiblər qalıb. FKSB, "Olimpiakos" və "Elfsborq"la görüşlərdə qələbə qazana bilərik. Qalib gələcəyimizə inanıram. Rahat şəkildə qalib gəlmək mümkündür, bizə uyğun rəqiblərdir. Türkiyədə toplanışda onlara qalib gəlmişdik. Ancaq onlar da elə-belə komanda deyil. Qalib gəlmək üçün ciddi hazırlaşmalıyıq".
saytlarin hazirlanmasi