Asiyaya yollanan həmyerlimiz: "Azərbaycan millisinə xeyir verə bilərəm"

14:22 - 14 Mart 2025

Qırğızıstanın “Alay” klubuna keçən İldar Alekperov Sportal.az saytına açıqlama verib.

Asiya təmsilçisinin heyətində artıq ilk turda debüt edən Alekperov “Alay”a keçidini və debütünü şərh edib:

"Qırğızıstana gəlmək variant çıxdı, mən də dəyərləndirmək istədim. Çünki daha çox oyun praktikasına ehtiyacım var. Bura gəldiyim üçün şadam. Artıq ilk oyunumu da keçirmişəm, hər şey yaxşıdır. Asist etməyi də bacardım. Burada mənə inanırlar, mən də etimadı doğrultmaq istəyirəm. Düzünü desəm, heç Azərbaycanda özümə başqa klub da axtarmadım. Çempionatı dəyişmək istədiyim üçün Azərbaycanı tərk etmişdim. Komandamızın qarşısına qoyulan məqsəd çempionluqdur. Düşünürəm ki, buna gücümüz çatacaq".

23 yaşlı futbolçu Qırğızıstan yüksək liqasında oynayaraq Azərbaycan millisinə dəvət olunmağın mümkünlüyündən də bəhs edib:

"Qırğızıstan çempionatında oynayaraq Azərbaycan millisinə niyə də dəvət almayım? Burada effektiv oynayacamsa, heç olmasa yoxlama görüşlərinə nəyə görə dəvət edilməyim? Əminəm ki, Azərbaycan millisinə xeyir verə bilərəm".

Alekperov “Stroqino”, “Nefteximik”, “Sabah”, “Araz-Naxçıvan”, “Zirə” klublarında oynadıqdan sonra “Alay”la anlaşıb. O, Azərbaycanın U-21 yığmasının da sabiq üzvüdür.

Xəbər xətti