Əfsanəvi braziliyalı futbolçu Ronaldo Braziliya Futbol Federasiyasının (CBF) prezidenti postuna namizədliyini irəli sürməyəcək.
Sportal.az xəbər verir ki, Ronaldo daha əvvəl CBF-yə rəhbərlik etmək istəyini dəfələrlə dilə gətirsə də, regional federasiyaların dəstəyini ala bilmədiyi üçün seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.
"27 regional federasiya ilə ilk təmasım zamanı başa düşdüm ki, onların 23-nün qapısı mənim üçün bağlıdır. Əgər rəhbər şəxslərin əksəriyyəti Braziliya futbolunun etibarlı əllərdə olduğuna inanırsa, mənim fikrim artıq heç nəyi dəyişmir. Federasiyalar mənim namizədliyimi qəbul etmədilər və hazırkı rəhbərlikdən razı olduqlarını, Ednaldo Rodrigeşin yenidən seçilməsini dəstəklədiklərini bildirdilər. Mən öz layihəmi təqdim edə, ideyalarımı bölüşə və digərlərinin fikirlərini istədiyim kimi dinləyə bilmədim. Açıq dialoq üçün heç bir imkan yaradılmadı.
Federasiyalar nizamnaməyə əsasən səsvermədə üstün hüquqa malikdirlər, buna görə də aydındır ki, mən seçkilərdə iştirak edə bilmərəm. Yerli federasiya rəhbərlərinin əksəriyyəti hazırkı prezidenti dəstəkləyir. Bu, onların haqqıdır və mən bunu hörmətlə qarşılayıram, baxmayaraq ki, fikirlərim fərqlidir"*, – deyə Ronaldo sosial şəbəkələrdə yazıb".
Ronaldo Braziliya futbolunun hazırkı vəziyyətindən narazıdır:
"Bəlkə də biz heç vaxt indiki qədər çöküş yaşamamışdıq. Bu, qəbuledilməzdir və mən futbolumuzu zirvəyə qaytarmaq istəyirəm. Biz son 20 ildə geriləmişik və aparıcı milli komandalarla rəqabətdən uzağıq. Mən Fransa, İngiltərə, İspaniya və Belçika təcrübələrini öyrəndim. Qarşıda hələ çox iş var".
Qeyd edək ki, Ednaldo Rodrigeş 2022-ci ildən CBF prezidentidir və gözlənilir ki, gələn il keçiriləcək seçkilərdə yeganə namizəd olacaq.
saytlarin hazirlanmasi