"Neftçi" klubu bəyanat yayıb
“Neftçi” bəyanat yayıb.
Sportal.az xəbər verir ki, paytaxt klubunun rəsmi saytı vasitəsilə yayılan bəyanatda bunlar qeyd olunub:
“ Premyer Liqanın 3-cü turu çərçivəsində keçirilmiş “Qarabağ” - “Xəzər Lənkəran” matçında azarkeşlər arasında baş vermiş hadisələrdə “Neftçi” azarkeşlərinin adının hallandırılması yolverilməzdi. Komandamızın uğurlarına kölgə salmağa çalışan bəzi qüvvələr mətbuat və digər vasitələrlə ictimai rəyi çaşdırmaq istiqamətində çalışırlar. 25.08.2013-cü il tarixində təşkil olunacaq “Xəzər Lənkəran” - “Neftçi” oyunu öncəsi qızışdırıcı mövqe tutan bu qüvvələr iki klub arasındakı münasibətləri korlamaq və azarkeşləri qarşı-qarşıya qoymaq üçün müxtəlif yollara əl atırlar. Azərbaycanda futbolun inkişafına zərbə vurmaq niyyətində olan bu insanlar idmana etnik qarşıdurma kimi ifadələri gətirməklə ictimai asayişi pozmağa səy göstərirlər.
“Qarabağ” və “İnter” klublarının UEFA Avropa Liqasında oyunlara yüksək səviyyədə hazırlaşması üçün “Neftçi” rəhbərliyi İ.Qayıbov adına stadionu klubların ixtiyarına vermiş və hər iki klubun rəhbərliyi “Neftçi”yə öz minnətdarlığını bildirmişlər. Bununla yanaşı komandamızın çoxminli azarkeşləri “Qarabağ”ı beynəlxalq oyunlarda dəstəkləyərək onların uğurlarında pay sahibi olublar.
“Neftçi” PFK olaraq bir daha bəyan edirik ki, xoşagəlməz hadisələrdə “Neftçi”nin adının hallandırılması futbolumuza deyil, ümumilikdə dövlətçiliyimizə xələl gətirmək cəhdləridi.
“Neftçi” olaraq tələb edirik ki, “Qarabağ” - “Xəzər Lənkəran” görüşündə azarkeşlər arasında baş vermiş hadisələr tam dəqiqliyi ilə araşdırılsın (əgər varsa videogörüntülərlə) və günahkarlar öz layiqli cəzalarını alsınlar”.
saytlarin hazirlanmasi