"Həyatımın ən ağır 6 ayını keçirdim"
"Bakı" klubunun baş məşqçisi Milinko Pantiç İspaniya mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, sebiyalı mütəxəssis ölkəmiz və "Bakı"dakı işindən danışıb.
- Yenidən Madriddəsiniz...
- Bəli. Amma uzun müddətə deyil. Çünki Azərbaycanda fevralın 2-də çempionat yenidən davam etdiriləcək. Azərbaycan çempionatında 10 komanda 4 dövrədə mübarizə aparır. Bundan başqa kubok yarışı da var. Buna görə də, biz çox yaxşı hazırlaşmalıyıq.
- Komandanız Marbelyada hazırlıq keçəcəksiniz?
- Bəli. Hazırlıq üçün İspaniyanın cənubuna gedəcəyik. Orada bir neçə yoldaşlıq görüşləri keçirməyi planlaşdırırıq. Məhz bu oyunlar bizim hansı səviyyədə olduğumuzu göstərəcək.
- Azərbaycan futbolu hansı səviyyədədir?
- Futbol hər yerdə futboldur. Bu çempionatda asan oyun yoxdur. Azərbaycanda futbolun səviyyəsinin aşağı olduğunu düşünənlər səhv edirlər. Onların millisi seçmə mərhələnin son oyununda Rusiyaya qol vuraraq 1 xal qazandı. Azərbaycanın diqqətəlayiq futbolçuları var.
- Altı aydır Azərbaycandasız. Orada rastlaşdığınız ən maraqlı hadisə hansıdır?
- Mən bu haqda kitab yaza bilərdim və həmin kitab bestseller olardı. Mən həyatımın ən ağır 6 ayını keçirdim. Amma xoşbəxtəm. Mən daha məsuliyyətli olmuşam. “Atletiko”nun prezidenti Migel Anxel Hilin təklifi ilə ora getdiyimə peşman deyiləm. Hazırda mən çox yaxşı təcrübə toplayıram.
- Komandanızda neçə millətin nümayəndəsi var?
- Serb, makedoniyalı, sloveniyalı, kiprli. Onlarla yunan dilində danışıram.
- Bakının çox gözəl şəhər olduğunu deyirlər...
- Bu həqiqətən belədir. Bakı çox gözəl şəhərdir. Çox sürətlə inkişaf edir və 10 ildən sonra yeni Dubaya çevriləcək. Bakıda əsas problem küləkdir. Onlar mənə deyir ki, sən hələ külək görməmisən.
- Bəs yeməklər necədir?
- Yeməklər çox yaxşıdır, ancaq çox kalorilidir.
- Yəqin orada çalışmaq asan deyil...
- Çoxları mənim üsullarıma öyrəşməmişdi. Bəzi dəyişikliklər etməklə özümə düşmən qazandım. Lakin yalançı dostlardansa, düşmən daha yaxşıdır. Bəziləri məni görmək belə istəmirlər. Ancaq mən də klub prezidenti kimi iddialıyam. Hafiz Məmmədov komandasını Azərbaycan futbolunun zirvəsində görmək istəyir. Məncə, 2-3 ilə bu mümkün olacaq.
saytlarin hazirlanmasi